Bizimlə həyatınız həmişə işıqlı olacaq!

”70 yaşlı şəhərim”

Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub

Nur şəhəri Mingəçevirin  muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində  həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd  olunur. Belə ki,  öncədən müəyyən olunmuş  yubiley tədbirləri  planına  müvafiq olaraq kollecdə bilik yarışı, kitab sərgisi, “Muğan” poeması sənədli filminə  baxış,  rəsm və inşa müsabiqəsi, futbol turniri  və sərgi  keçirilib, eləcə də Heydər Əliyev Mərkəzinə, şəhər tarix muzeyinə, Qafqazın ilk enerji nəhəngi olan Su Elektrik Stansiyasına pedaqoq və tələbələrin ekskursiyaları təşkil olunub. Yeri gəlmişkən, tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisinin qapıları günlərdir ki,  izləyicilərin üzünə açıq saxlanılır.

Mingəçevirin  70 illik tarixinə həsr olunmuş ”70 yaşlı şəhərim” adlı  elmi –nəzəri konfransda maraqlı müzakirələr aparılıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ölkənin dördüncü  şəhəri olan Mingəçevirin qədim və müasir tarixi barədə ətraflı məlumat verib. Hətta bir çox mənbələrdə indiki  Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olduğunu  bildirib. Müasir Mingəçevirin yaranma və inkişaf tarixinə toxunan natiq onun salınmasında ölkə üçün strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyaları silsiləsinin tikintisinin xüsusi rol oynadığını vurğulayıb:

“Vaxtilə minlərlə insanın zəhməti hesabına ərsəyə gələn Su Elektrik Stansiyası  zülmət içində olan Azərbaycanı nura  boyadı. Ardınca  ərazidə çoxsaylı iri sənaye müəssisələri yaradıldı ki, bu da Mingəçevirin sıravi yaşayış məntəqəsindən  böyük və yaraşıqlı bir şəhərə çevrilməsinə zəmin yaratdı. Şəhər qurucularından danışarkən ilk növbədə  tikintinin başında dayanan  İslam İslamzadə yada düşür.  Amma etiraf etmək lazımdır ki, Azərbaycanda ilk siyasi hakimiyyəti dönəmindən etibarən ulu öndər Heydər Əliyevin  Mingəçevirin inkişafı naminə qəbul etdiyi qərarlar müqayisəedilməzdir. Məsələn,   Qafqaz regionunun enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası  məhz ümummilli  liderin iradə və qətiyyəti sayəsində inşa olunub. Eyni zamanda burada yeni müəssisələr, turist bazası, yaraşıqlı parklar,  xiyabanlar salınıb.  Mingəçevir həm də şairlərin, görkəmli yazıçıların  yaratdığı əsərlərdə geniş vəsf olunub. Bu gün artıq  prezident cənab İlham Əliyev  Mingəçeviri müasir Avropa şəhəri adlandırır. Məhz onun əməli dəstəyi və qayğısı sayəsində Mingəçevir  mövcud sənaye potensialı ilə yanaşı, həm də qabaqcıl turizm və idman şəhərinə çevrilib. Təsadüfi deyil ki, Avropanın birinci idman oyunları  paytaxtla yanaşı, həm də doğma şəhərimizdə keçirildi. Minlərlə əcnəbi qonaq  şəhərimizin gözəlliklərindən valeh oldu. Mingəçevir Turizm Kollecinin belə bir gözəl şəhərdə  fəaliyyət göstərməsi   heç şübhəsiz kollektivimizin imicini və yaradıcılıq imkanlarını daha da möhkəmləndirir.”

Daha sonra  Mingəçevir şəhərinin müasir tarixindən bəhs edən sənədli filmə baxış keçirilib.  Ardınca kollecin bədii kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, pedaqoq Gülbəniz Həsənova və tələbə Ulduz Fərzəliyeva müvafiq “Mingəçevirdə keçən günlərim”, “Nur şəhəri Mingəçevir”, və  “70 yaşlı şəhərim” adlı mövzularda məzmunlu çıxışlar ediblər. Çıxışlarda Mingəçevirin dünəni, bu günü, perspektivləri və gözəllikləri geniş əksini tapıb.

Konfransın sonunda tələbələr arasında keçirilən  müsabiqə və idman yarışının qaliblərinə  kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub. Tədbir bədii bayram proqramı ilə başa çatıb. İfaları xüsusi maraq doğran tələbələr müəyyən edilərək, seçilmişlər sırasına daxil ediib. Onlar ümumşəhər yubiley təntələrində Mingəçevir Turizm Kollecini təmsil edəcək.

Şərhlər bağlıdır.