Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub
Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur. Belə ki, öncədən müəyyən olunmuş yubiley tədbirləri planına müvafiq olaraq kollecdə bilik yarışı, kitab sərgisi, “Muğan” poeması sənədli filminə baxış, rəsm və inşa müsabiqəsi, futbol turniri və sərgi keçirilib, eləcə də Heydər Əliyev Mərkəzinə, şəhər tarix muzeyinə, Qafqazın ilk enerji nəhəngi olan Su Elektrik Stansiyasına pedaqoq və tələbələrin ekskursiyaları təşkil olunub. Yeri gəlmişkən, tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisinin qapıları günlərdir ki, izləyicilərin üzünə açıq saxlanılır.
Mingəçevirin 70 illik tarixinə həsr olunmuş ”70 yaşlı şəhərim” adlı elmi –nəzəri konfransda maraqlı müzakirələr aparılıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ölkənin dördüncü şəhəri olan Mingəçevirin qədim və müasir tarixi barədə ətraflı məlumat verib. Hətta bir çox mənbələrdə indiki Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olduğunu bildirib. Müasir Mingəçevirin yaranma və inkişaf tarixinə toxunan natiq onun salınmasında ölkə üçün strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyaları silsiləsinin tikintisinin xüsusi rol oynadığını vurğulayıb:
“Vaxtilə minlərlə insanın zəhməti hesabına ərsəyə gələn Su Elektrik Stansiyası zülmət içində olan Azərbaycanı nura boyadı. Ardınca ərazidə çoxsaylı iri sənaye müəssisələri yaradıldı ki, bu da Mingəçevirin sıravi yaşayış məntəqəsindən böyük və yaraşıqlı bir şəhərə çevrilməsinə zəmin yaratdı. Şəhər qurucularından danışarkən ilk növbədə tikintinin başında dayanan İslam İslamzadə yada düşür. Amma etiraf etmək lazımdır ki, Azərbaycanda ilk siyasi hakimiyyəti dönəmindən etibarən ulu öndər Heydər Əliyevin Mingəçevirin inkişafı naminə qəbul etdiyi qərarlar müqayisəedilməzdir. Məsələn, Qafqaz regionunun enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası məhz ümummilli liderin iradə və qətiyyəti sayəsində inşa olunub. Eyni zamanda burada yeni müəssisələr, turist bazası, yaraşıqlı parklar, xiyabanlar salınıb. Mingəçevir həm də şairlərin, görkəmli yazıçıların yaratdığı əsərlərdə geniş vəsf olunub. Bu gün artıq prezident cənab İlham Əliyev Mingəçeviri müasir Avropa şəhəri adlandırır. Məhz onun əməli dəstəyi və qayğısı sayəsində Mingəçevir mövcud sənaye potensialı ilə yanaşı, həm də qabaqcıl turizm və idman şəhərinə çevrilib. Təsadüfi deyil ki, Avropanın birinci idman oyunları paytaxtla yanaşı, həm də doğma şəhərimizdə keçirildi. Minlərlə əcnəbi qonaq şəhərimizin gözəlliklərindən valeh oldu. Mingəçevir Turizm Kollecinin belə bir gözəl şəhərdə fəaliyyət göstərməsi heç şübhəsiz kollektivimizin imicini və yaradıcılıq imkanlarını daha da möhkəmləndirir.”
Daha sonra Mingəçevir şəhərinin müasir tarixindən bəhs edən sənədli filmə baxış keçirilib. Ardınca kollecin bədii kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, pedaqoq Gülbəniz Həsənova və tələbə Ulduz Fərzəliyeva müvafiq “Mingəçevirdə keçən günlərim”, “Nur şəhəri Mingəçevir”, və “70 yaşlı şəhərim” adlı mövzularda məzmunlu çıxışlar ediblər. Çıxışlarda Mingəçevirin dünəni, bu günü, perspektivləri və gözəllikləri geniş əksini tapıb.
Konfransın sonunda tələbələr arasında keçirilən müsabiqə və idman yarışının qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub. Tədbir bədii bayram proqramı ilə başa çatıb. İfaları xüsusi maraq doğran tələbələr müəyyən edilərək, seçilmişlər sırasına daxil ediib. Onlar ümumşəhər yubiley təntələrində Mingəçevir Turizm Kollecini təmsil edəcək.
Şərhlər bağlıdır.