Bizimlə həyatınız həmişə işıqlı olacaq!

70-dən artıq əfqan veteran medal aldı

“Bu yaxınlarda Mingəçevir Dövlət Dram Teatrında əfqan müharibəsi veteranlarının döyüş səhnələrini əks-etdirən kompozisiya nümayiş etdirildi. Maraqlı tamaşa alınmışdı, çox təəssüf ki, şəhər nümayəndələrinin əksəriyyəti iştirak etmədi”.
Bu fikirləri Əfqanıstan döyüşlərinin bitməsinin 25 illiyi münasibətilə müharibədə iştirak edən şəxslərə medalların təqdim olunması mərasimində Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli deyib. O qeyd etib ki, Əfqanıstan müharibəsində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 8-i mingəçevirlidir, onların 3-ü isə Qarabağda gedən döyüşlərdə şədid olub. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı yaşayır, 17 nəfər Milli Qəhrəman adına layiq görülüb.
Mayın 14-də keçirilən mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şöbəsinin nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Başçı medalla təltif olunan hər kəsi təbrik edib.
70-ə yaxın mingəçevirlinin medal aldığı tədbirin sonunda müharibə veteranlarının bəziləri qəzetimizə müsahibə veriblər. Əfqanıstan müharibəsi veteran Haqverdi Sədiyev bildirib ki, 5 fevral 1989-ci il Sovet ordusunun sonuncu əsgərinin Əfqanstandan çıxdığı günüdür: “Mən 1979-81–ci illərdə Əfqanstanın Kabul şəhərində olmuşam. Artilleriyada döyüşürdüm, dəfələrlə mühasirəyə düşmüşük, amma canımızı qurtarmışıq. 1993-cü ildə mərhum prezident Heydər Əliyev televiziya vasitəsi ilə xalqa müraciətində Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt Əfqanstan döyüşçülərinin 4500 nəfəri bu çağırışa qoşulub. Bütün bunlara görə Əfqanıstan müharibəsində iştirak etmiş şəxslərin cəmiyyətə tanıdılması əhəmiyyətlidir”.
“Mən Çarakan, Baqran bölgələrində döyüşlərdə olmuşam. Kişim-Faizabad yolunun açılmasında yerli camaata çox kömək etmişik. Bugün bizim davamçılarımız sülhməramlı qoşunların tərkibində orada iştirak edirlər”- deyən Miryaqub Zeynalov veteranlara daha artıq qayğı göstərilməsini, onların problemləri ilə maraqlanmağı arzulayır: ”Çünki insan yaşlaşdıqca yaşamaq daha çətin olur”.
Şahvələd Nağıyev isə fürsətdən istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda, Əfqansdanda beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş döyüşçülərə Allahdan rəhmət diləyir, veteran həmkarlarını Əfqanstandan sağ-salamat doğma vətənə döndükləri üçün təbrik edir, onlara sağlıq arzulayır.

Aytən Kosayeva

Şərhlər bağlıdır.