44 günlük Vətən Müharibəsi: gənclər üçün dərslər
Vətəni sevmək, daha da qüdrətli etmək xalqımızın ən yüksək dəyərlərindən biridir. Ulu el ağsaqqalı Dədə Qorqudun kəlamları biz Azərbaycan türklərinin əxlaqi xüsusiyyətlərini özündə əks etdirir: “Torpağı qorumursansa əkib-becərməyə dəyməz, əkib-becərmirsənsə qorumağa dəyməz.”
Müstəqilliyimizin ilk illərində, I Qarabağ müharibəsində Azərbaycan oğulları Vətənin torpaqları uğrunda ölüm-dirim mübarizəsinə qalxdılar. Şəhid oldular, qazi oldular. Güclü dövlət və ağıllı rəhbərliyin olmaması torpaqlarımızın itirilməsinə səbəb oldu.
Lakin dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi, ölkədə həyata keçirilən bütün sosial-iqtisadi inkişafın əsas məqsədi itirilmiş torpaqlarımızın geri qaytarılması idi. Ümummilli lider müstəqilliyimizə və torpaq bütövlüyümüzə qarşı törədilən bu qəsdin qarşısının alınmasında xalqın gücünün böyük rol oynayacağını qeyd edirdi. O deyirdi: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”.
Biz xoşbəxt gənclərik ki, uşaqlığımız və gəncliyimiz müstəqillik dövrünə təsadüf edib.
Müstəqilliyin ilk illərindəki çətinliklər, itirilmiş torpaqlarımızın acıları, sonrakı dövrlərdə sosial-iqtisadi və siyasi inkişaf-bütün bunlar hamısı bizim yaşıdlarımızdır.
Biz böyüdükcə Vətənimiz də inkişaf edərək dünyanın güclü dövlətlərindən birinə çevrildi. Ailədə də, məktəbdə də, elə tərbiyə almışdıq ki, sanki tam sevinməyə utanırdıq. Çünki təqvimdə elə günlər tarixlər var ki, onlar xalqımızın tarix salnaməsinə qara hərflərlə yazılmışdır: 20 Yanvar faciəsi, Xocalı faciəsi, Şuşanın, Qarabağımızın yaşayış məntəqələrinin işğal tarixləri.
Bu hadisələr anım günləri kimi qeyd edilərkən həmişə tədbirin sonundakı bu misralarda deyilənlərin bir gün yaşanacağını səbirsizliklə gözləyirdik:
Şəhid qanı düşən torpaq
Yad ayaqda qalmaz tapdaq,
Düşmənlərin qan qusacaq,
İgid əsgər möhkəm dayan.
Biz bu amalla böyüdük. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyi olacaq övladların bu amalla tərbiyə edilməsini tövsiyə edərək deyirdi: “Uşaqlarımız bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi də elə olacaq”.
30 ilə yaxın bir müddətdə dövlətimizin torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq cəhdləri nəticə vermədi. Azərbaycan dövləti bu dövr ərzində hərbi qüdrətini artırmasına, savadlı, bacarıqlı milli hərbi kadrlar yetişdirməsinə baxmayaraq, qan tökülməsini istəmirdi, lakin mənfur düşmən dəfələrlə müxtəlif təxribatlarla bizi əks hücuma keçməyə məcbur edirdi. Düşmənin hücumunun qarşısını almaq üçün xalq azadlıq mübarizəsinə qalxdı. Minlərlə gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında döyüşlərə yollandı. 44 günlük Vətən müharibəsində xalq dövlət birliyi bir yumruq kimi düşmənin başını əzdi. Biz qələbəyə nail olduq. Qələbə böyük idi. Şəhidlərimizin qazilərimizin qanı bahasına əldə olundu bu qələbə. Və mən də qürur hissi keçirirəm ki, bu azdlıq müharibəsinin birbaşa iştirakçısı oldum.
Mən müharibə döründə şahid olduqlarımdan gəldiyim nəticəyə görə əminəm ki, bu qələbə yalnız ön cəbhədə döyüşən ordunun yox, bütün azərbaycanlıların, hər bir fərdimizin, birliyimizin qələbəsidir, istər ön cəbhədə, istərsə də ordu, vətən, millət üçün həm maddi, həm də mənəvi cəhətdən heç nəyini əsirgəməyən arxa cəbhədəkilərin. Hətta ən çətin vaxtlarda belə körpə fidanlarımızdan gələn vətənpərvərlik və səmimiyyət dolu məktublar bizlərə nə üçün döyüşdüyümüzü xatırldır və bu da bizə böyük ruh yüksəkliyi verirdi. Könüllü gənclərdən ibarət təbliğat-təşviqat qrupları cəbhədəki əsgərləri ziyarət edir, xalqın, millətin ümidlə onlardan gələcək sevindirici xəbərləri gözlədiklərini xatırladır və bu da biz əsgərləri daima irəliyə, torpaqlarımızı son qarışınadək geri almağa həvəsləndirirdi. Biz əsgərləri ən çox ruhlandıran, qələbəni özümüzə borc bilməyimizə səbəb olan hadisələrdən biri də bizim döyüş meydanında bir orduya, özü də havadarları tərəfindən silahlandırılmış qorxaqlardan və müharibə cinayətləri etməkdən belə çəkinməyən, hərbi şərəfdən məhrum, əli qanlı quldurlardan ibarət olan bir orduyla müharibə apardığımız halda, bizim Ali Baş Komandanımızın ordumuz hər yeni yaşayış məntəqəsini azad etdikcə düşmənin havadarlarına qarşı özünü sipər etməsi, onları dahi zəkasıyla siyasət meydanında mat qoyması idi. Bəli, belə bir Komandanın rəhbərliyi altındakı ordunun hər bir hərbi qulluqçusunun qələbədən, torpaqlarımızın azadlığından başqa bir məqsədi ola bilməzdi və bu yolda hər şeylərini qurban verməyə hazır idi.
Düşməni də qorxudan, onlara öz keçmişlərini yada salan əsgərlərimizin ölümü sadəcə ölüm yox, şəhadət olaraq görməsi, çıxdığı bu yolda canından olarsa şəhid olacağını dərk etməsi, ölümün üzərinə gözünü qırpmadan qaçaraq getməsi idi. Düşmən qorxurdu, qaçırdı, çünki düşmən özünə məxsus olmayan işğal etdiyi torpaqlarda vuruşurdu, həm də onlar üçün dırnaqarası “vətən torpağı” uğrunda yox, sadəcə öz canlarını sağ qurtarmaq üçün çırpınırdı. Bu müharibə həm də bizə və düşmənə bizim dövlətin və onların dövlətinin öz millətinə, əsgərlərinə necə dəyər verdiyini də göstərdi. Cənab Ali Baş Komandan dəfələrlə düşmənin atəşkəs təklifini qəbul edirdi ki, bəlkə ağılları başlarına gəlib, bu həm qan tökməmək biz əsgərləri lazımsız itkilərdən qorumaq üçün edilirdi. Ordumuzun arsenalındakı silahların müasirliyi, döyüşlərdə pilotsuz, məsafədən idarə olunan silahlardan istifadə olunması da biz əsgərləri qorumaq, minimum itki ilə qələbə çalmaq üçün atılan addımlar idi. Bu da bizim hakimiyyətin bizə nə qədər dəyər verdiyinin ən bariz göstəricisidir.
Lakin düşmən tərəfi hər dəfə atəşkəs yalvarışlarından sonra, hətta saatlar sonra öz keçmişlərindən gələn xain instikti ilə atəşkəsi pozur, özü də əvvəlki müharibə cinayətlərinə yenilərini əlavə edərək mülki əhalimizi hədəf alıraq edirdi bunu. Fikirləşirdilər ki, bununla bizim milləti, xalqı qorxudacaqlar. Ancaq onlar unudurdular ki, onların qarşısında Koroğlunun, Nəbinin, Cavanşirin nəvələri durub və artıq yalnızca qarşılarında dayanmır, onların üzərinə qartal kimi şığayır. Bu müharibə bir daha bizə tarixi kökümüzü, kimliyimizi, keçmişimizi, düşmənlərimizi və dostlarımızı, qardaşlarımızı tanıtdı.
Döyüşlər tək işğal altındakı torpaqlarımızda yox informasiya məkanında da gedirdi. Ordumuzun qələbələrini gözləri götürməyən, qurduqları planların bir-bir alt-üst olduğunu görən düşmənin havadarları ölkəmizə qarşı nə qədər qarayaxma kompaniyasi aparsa da, təzyiqlər göstərsə də cənab Ali Baş Komandan onların hamısını elə siyasətlə susdururdu ki, onlar öz əlaltılarını müdafiə edə də bilmirdilər, elə xalqımızın qarşısında onları da rüsvay edirdi. Sevindirici haldır ki, Azərbaycan gəncliyi öz gücünü tək Qarabağdakı döyüş meydanında yox, həm də informasiya məkanında göstərdi. Bütün dünya bizim bu haqlı mübarizəmizə yaxşı mənada reaksiya verməyə məcbur oldu. Bu müharibədən çıxardığımız dərsləri heç zaman unutmamalıyıq, gələcək nəslə də ötürməliyik bu dərsləri.
Lakin Vətən müharibəsindəki bu qələbə bizi arxayınlaşdırmamalıdır, nə qədər sülhməramlı olsaq da yerləşdiyimiz geosiyasi mövqeyə görə həmişə özümüzü müdafiyəyə hazır olmalıyıq. İçə qapanmamalı, xarici ölkələrlə ciddi və möhkəm əlaqələr yaratmalı, bunu dostluq və mütəffiqlik səviyyəsinə çatdırmalıyıq. Bu müharibə bizə bir daha göstərdi ki, cənab Ali Baş Komandanın apardığı uğurlu siyasətə sadiq olmalı, xarici və əsas da daxili təxribatlara aldanmamalıyıq. Düşmənlərimiz yaxşı bilir ki, ta qədimdən bizi zəiflətməyin yeganə yolu aramıza nifaq salmaqla daxili təxribatlar törətməkdir. Nə qədər ki İlahi ədalət bizimlədir, xalq, dövlət birliyi var bizim uğurlarımız daim olacaq, çünki bizim qalibiyyətimizin əsasını birliyimiz təşkil edir.
Qaragöz Kərim oğlu Kərimov,
İkinci Qarabağ Müharibəsi veteranı
Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müəllimi
Şərhlər bağlıdır.