Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İkinci Qarabağ Müharibəsi müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvoludur

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba, tarixi torpaqlarından (Zəngəzur, Göyçə, İrəvan mahalı) didərgin salındı.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində  böyük işlər aparılmışdır və sonda bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.

Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur, bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq işləmir, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalırdı. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Son 2 il ərzində Ermənistanın təxribatçı addımları (Tovuz hadisələri), bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyirdi.

Nəhayət müharibə başladı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirərək qələbəyə nail oldu. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın.

Azərbaycan döyüşlərdə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Müzəffər Azərbaycan Ordusu  Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqına döyüş ruhu verirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən, başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın¬da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi.

Prezident İlham Əliyev müharibə gedən zaman xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur… Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda döyüşür, canından keçirdi.

Azərbaycanın cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 27 il ərzində qoyulub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu diqqət mərkəzində saxlanıldı, bununla bağlı mühüm tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev 17 illik hakimiyyəti dövründə isə iri infrastruktur neft-qaz layihələrini həyata keçirdi və bundan əldə edilən böyük həcmli valyuta gəlirləri hesabına bütün Azərbaycan, eləcə də ordu sürətlə inkişaf etdi, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirildi, regionun ən güclü silahlı qüvvəsinə çevrildi.. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya-rabitə tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi.

Kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı da, şübhəsiz ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq.

Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun  modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

Son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub. Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Ermənistanın müdafiə naziri David Tonoyan ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavab verərək deyib: “Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız?”,– deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Əlavə şərhə ehtiyac yoxdur. Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordusunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı.

Tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. Bütün dövlətlərin hərb tarixi müharibələr, dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Xüsusilə də, müharibə Vətən uğrunda olanda, işğalçıya qarşı savaşanda daha fərqli olur. İkinci Dünya Müharibəsində də insanlar “Hər şey Vətən üçün”, “Hər şey cəbhə üçün”, “Vətən naminə” deyərdilər. Yəni, tarixi bu misallar  onu göstərir ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir insanın arzusu olub və bu, bu gün də belədir.

Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir məclis, tədbir, hətta yas, toy göstərmək mümkün deyil ki, orada torpaqlarımızın azad olunması, işğaldan xilas edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub, Qarabağ Azərbaycanındır!

Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Lakin Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi.

Biz 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıdacayıq, Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Doğrudur, döyüşlər mürəkkəb coğrafi şəraitdə, relyefdə baş versə də, Ermənistan uzun illər işğal etdiyi ərazilərdə müdafiə səddləri qursa da, istahkamlar inşa etsə də, müzəffər ordumuz xalqımıza tarixi qələbəni qazandırdı. Azərbaycan Ordusu ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın nümunəsini ortaya qoydu.

Əlbəttə ki, bu tipli hərbi əməliyyatlarda hücumda olan tərəfin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verməsi mütləq şərt hesab olunur. Çünki Birinci Qarabağ müharibəsində döyüşlərdə 15-20 min insan həlak olduğunu dəqiq bilirik. Ona görə də, ayrı-ayrı vaxtlarda düşmənin müdafiə səddini yararaq torpaqların işğaldan azad olunması məqsədilə həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan tərəfinin canlı qüvvədə 15 min, hətta 20 min nəfər itki verəcəyi barədə proqnozlar real qəbul edilirdi. Həmçinin hərbi əməliyyatların intensivliyi və 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi amili də nəzərə alınmalıdır. Çünki qarşıya qoyulan vəzifələrin belə qısa müddət ərzində icrası itkilərsiz mümkün olmazdı.

Bütün deyilənlərin fonunda bu gün Ermənistan mediasının erməni ordusunda 2-3 minlik itkidən danışması gülünc görünür. Elə təkcə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videolarda dronların atəşləri nəticəsində məhv edilən düşmənlərin sayı 2-3 mindir. Bəs, meşələrin dərinliklərində, dağlarda gedən döyüşlərdə məhv edilənlər, partlayışlar nəticəsində param-parça olanlar, muzdlular? Ümumilikdə, götürdükdə Ermənistanın itkisi ən azı  10 min nəfər civarındadır, bəlkə də çox. Bunu beynəlxalq ekspertlər də təsdiqləyirlər…

Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda  çoxlu sayda fərari olub. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.

Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müharibədə Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Şanlı Azərbaycan Ordusu mənfur düşmənlə 44 gün qəhrəmancasına savaşıb onu diz çökdürdü. Bu 44 günlük müharibə Azərbaycan xalqının şan-şöhrətini özünə qaytardı, xalq olaraq qürurumuzu, vüqarımızı,  inamımızı özümüzə qaytardı. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Əslində bu 44 günün hər günü bir tarixdir.

Əgər bir xalqın müqəddəs amal uğrunda – xalqın azadlığı, Vətənin bütövlüyü uğrunda qəhrəmanlıqla savaşıb, bu uğurda canından keçən igid oğulları varsa, o xalq xoşbəxt xalqdır. Torpaq, uğrunda ölən varsa Vətəndir! . Bizim tarixən azadlıq, vətənin müdafiəsi uğrunda şəhidlərimiz olub, bu gün də minlərlə şəhidimiz var. Hər birimiz onlarla qürur duyuruq. Biz Vətəninə, torpağına bağlı, Vətənini canından çox sevən bir xalqıq.

Hər şəhidimiz, eləcə də hər qazimiz, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq rəşadətlə vuruşan hər bir əsgər və zabitimiz öz qəhrəmanlıqları ilə bir dastan yazdı. Bu qəhrəmanlıq dastanları böyüyən övladlarımız, yeniyetmələrimiz, eyni zamanda, gələcək nəsillər üçün bir örnək, milli-ali dəyərlərimizi aşılayan bir məktəbdir.

Düşünürəm ki, mənəviyyatımız qalibiyyətimizə yol açdı, bizim qalibiyyətimizdə milli-ali dəyərlərimiz  çox böyük rol oynadı. Məhz bu cür milli-ali dəyərlərə sahib olan xalq qəhrəman oğullar yetişdirə bilər. Torpaq, Vətən sevgisi ilə yetişdirilən, “Vətən anadır, Vətəni ana kimi sevməli, ana kimi qorumalısan” deyimini həyat amalına çevirən Azərbaycan oğulları əlbəttə, lazım gələndə bu müqəddəs amal uğrunda canlarından keçib şəhid olmağı özlərinə şərəf bildilər.

Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ölkəmiz üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqlarda olan tikililəri yerlə-yeksan edib. Bütün binalar, tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onların hamısı bərpa ediləcək.

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız, gənclərimiz  bu məsələlərdə fəal olmalıdır.

 

Mahir Balaca oğlu İsmayılov,

İkinci Qarabağ Müharibəsi veteranı,

Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müdiri

Şərhlər bağlıdır.