“44 gündə yazılan dastan” Mingəçevir Teatrının səhnəsində
“Füzulidə döyüşəndə cənub bölgəsindən olan bir əsgər yoldaşım ailəsiylə telefon bağlantısından sonra mənə iki yaşlı oğlunun ondan maşın istədiyini dedi. Amma o, Xocavənddə snayperin gülləsinə tuş gəldi və şəhidlik zirvəsinə ucaldı. Müharibədən sonra mən onlara getdim və onun körpə balasına maşın hədiyyə etdim”.
Bu fikirləri İkinci Vətən Müharibəsindən qələbəylə qayıdan qazi Şövqi Qəhrəmanlı noyabrın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) 8 noyabr Zəfər Gününə həsr olunmuş “44 günlük Vətən müharibəsinin canlı əfsanələri” adlı tədbirində səsləndirib. Qazi onu da deyib ki, üçüncü kursun semestr imtahanında altı imtahanın beşindən qiymət alıb, lakin Azərbaycan tarixi fənnindən kəsilib: “Heç bilmirdim ki, bu müharibədə zərrə qədər də olsa tarix yazanlardan biri mən olacam”.
Həmin gün Mingəçevir Dövlət Dram Teatrına toplaşanlar şəhidləri anıb, digər qazilərin və ictimaiyyət nümayəndələrinin təəssüratlarını dinləyiblər. MDU-nun rektoru Şahin Bayramov bildirib ki, son 30 ildə ayrı-ayrı kənd və şəhərlərimizin işğal günlərini ürək ağrısıyla yada salırdıq: “Nə gözəl ki, Vətən Müharibəsindəki qalibiyyətimizdən sonra həmin məkanların işğaldan azad olunma tarixlərini və Zəfər bayramını sevinclə qeyd edirik. Bu, müasir Azərbaycanımızın tarixində olan ilk ən böyük qələbəmizdir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında və xalqımızın səyi nəticəsində yeni qalibiyyətlərimiz hələ öndədir”.
Tədbirdə nəzərə çatdırılıb ki, MDU-nun 120-dən çox məzun, tələbə və əməkdaşı İkinci Vətən Müharibəsində iştirak edib. Mahir İsmayılov, Rövşən Babayev və Asif Misirli müharibədə əsgərlər arasında şahidi olduqları birlikdən, əzmkarlıqdan, ruh yüksəkliyindən söz açıblar. Onların söylədiklərinə görə, möhtərəm Prezidentimiz İlham Əliyevin tez-tez işlətdiyi “dəmir yumruq” ifadəsi və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz Azərbaycanın hər zaman yanındayıq” deməsi əsgərlərimizə daha çox güc və qələbəyə inam verib.
Qazilər maraqlı hekayələrni danışıblar, şəhidlərimizin bizə əmanət qoyduqları ailələri unutmamağı, onların problemlərini özümüzünkü bilməyi və həll etməyi tövsiyə ediblər. Qeyd olunub ki, MDU-da fəaliyyət göstərən “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” qəhrəman şəhid və qazilərimizi gənc nəslə tanıtmaqla yanaşı onların şücaətini təbliğ edir, şəhid ailələrini diqqətdə saxlayır.
Müharibə dövrünü və igid ordumuzun qəhrəmanlığını əks etdirən videoçarx, Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimləri Zülfiyyə Hacıyeva, İsa Müseyibov və Səttar Orucovun ifalarında “Qarabağ”, “Azərbaycan”, “Torpağın səsi”, 12 saylı “Səfa” uşaq bağçası fidanlarının ifasında “Millətim” mahnıları, 14 saylı məktəb şagirdlərinin söylədikləri şeirlər və MDU-nun tələbələrinin sərgilədiyi “44 gündə yazılan dastan” adlı səhnəcik tədbirə toplaşanların zövqünü oxşayıb.
Şərhlər bağlıdır.