Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin kollektiv üzvləri şəhid məzun Yusif Cəfərovun xatirəsini anıblar

180

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Yusif Cəfərovun şəhadətə yüksəlməsinin bir ili tamam olub.

MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhəri Şəhidlər xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Bildirilib ki, Yusif Cəfərov 25 aprel 1996-cı ildə Şirvan şəhərində anadan olub.  Şirvan şəhər 2 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə bitirən Yusif elə həmin il MDU-nun İqtisadiyyat fakültəsinə qəbul olub. Məzun olduqdan sonra həqiqi hərbi xidmətini ləyaqətlə yerinə yetirib.

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı cəbhəyə yollanan Y.Cəfərov Zəngilan, Qubadlı, Cəbrayıl döyüşlərində xüsusi qəhrəmanlıq nümunələri göstərib və 4 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

Qeyd edək ki, 30 illik yurd həsrətinə son qoyan 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi məqsədi ilə Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzi yaradılıb.

Şərhlər bağlıdır.