4 mingəçevirli “Qızlar İKT-də” beynəlxalq konfransında iştirak edib
Mətbuatda xəbər verildiyi kimi, bu günlərdə Bakıda Beynəlxalq Günlə bağlı silsilə tədbirlər keçirilib. Belə ki, “Hyatt Regency” mehmanxanasında İREX-Azərbaycanın təşkilatçılığı ilə “Qızlar İKT-də” adlı 3-cü beynəlxalq konfrans olub. Konfransda ABŞ səfirinin xanımı, İREX-in nümayəndələri, Qazax, Tovuz, Zaqatala, Şirvan rayonları ilə yanaşı Mingəçevir məktəbliləri iştirak ediblər. Şəhərimizi inşa müsabiqəsinin qalibləri Fidan Əlizadə (7 saylı), Türkan Məmmədova, Lalə Əliyeva (4 saylı) və Aynur Bəşirova (2 saylı) təmsil ediblər. Burada F.Əlizadəyə inşasını oxumaq şansı verilib.
Konfrans iştirakçıları BDU-nun Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən internet media studiyası, “Azadlıq” radiosu, “APA Holdinq” və Milli İncəsənət Muzeyinə baş çəkiblər. \”Multimedia\” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, tanınmış jurnalistlər Zeynal Məmmədli, Babək Bəkirov (“Azadlıq” radiosunun ölkə bürosunun direktoru) və Qabil Abbasoğlu (“LENT.AZ” saytının baş direktoru) qızlara dəyərli məsləhətlərini veriblər. Onlar xəbəri almaq, emal etmək, oxucuya çatdırmaq üçün vacib şərtləri izah edib, jurnalist peşəkarlığının artırılması üçün görülən tədbirlərdən danışıblar.
Eyni zamanda qızlara multimedia təlimi təşkil olunub. “Azadlıq” radiosunun əməkdaşı Vüsalə Əlibəylinin rəhbərliyi altında müəyyən bilgilərə yiyələndikdən sonra iştirakçılar süjet çəkib, montaj ediblər. Səmərəli keçən günün sonunda Bakının görməli yerlərinə avtobusla edilən ekskursiya qızlarda xoş ovqat yaradıb.
Angela Nicoara: “İKT gələcək üçün işləyir”
Belə tədbirlər yeniyetmə qızlara nə verə bilər?
Şamil Vəliyev (BDU-da Jurnalistika Kafedrasının dekanı):
-Nə qədər ki, cəmiyyəti informasiyalaşdırmamışıq, problemlər olacaq. Vaxtında zamanın karvanına qoşulsaq cəmiyyəti inkişaf etdirəcəyik. İndi bilik yarışı dövrüdür, silah yox. Bu ildən sahə jurnalistikasını (səhiyyə, idman, mədəniyyət və s.) inkişaf etdirəcəyik. Qurulmuş bu studiyanın bazasında isə universitetin onlayn TV-ni yaratmaq fikrimiz var.
Zeynal Məmmədli (media eksperti):
-Qərbdə intervü üçün xüsusi qızlar, şiddətli xəbər üçünsə oğlanlar seçilirdi. Azərbaycanda isə son vaxtlar xəbərlər qızların çiynində gedir. Çünki qızlar insani münasibətlərə daha həssasdırlar. Siz gənc olmağınızla daha güclüsünüz. Yazın, mətbu orqanları ilə əməkdaşlıq edin.
Angela Nicoara (İREX-Azərbaycanın Bakı Ofisinin rəhbəri):
-İREX-in “Yeni media” layihəsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və İREX-Beynəxalq Tədqiqatlar və Mübadilə Şurası dəstək verib. Bir çoxlarımız iş tapmaq və məşğulluğu təmin etmək üçün internetdən istifadə edirik. İKT gələcək üçün işləyir. Bütün dünyada qadınların kişilərə nisbətən internetə çıxışı 25 faizdir. Azərbaycanda isə qadınların 35%-nin internetə çıxışı var. Bu rəqəmin artması yönündə təlimlərimizi davam etdirəcəyik. İnternetdən istifadə belə qadınlarda özünə inamı və gücü təmin edir və cəmiyyətdə özünə yer tutmağa kömək edir.
Faith Morningstar (ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı, inkişaf üzrə psixoloqu):
-Mən sizə güc və qüvvətlənmə arasında fərqdən danışacağam. Güc-birinin digərin hərəkətinə, qüvvət isə öz hərəkətinə nəzarət etməkdir. Güc xarici, qüvvə isə daxili qüvvədir. Güc məhdudiyyət və təhlükə törədə bilər, qüvvə isə sonsuzdur. Bu heç kimə təhlükə törədə bilməz. Daxili qüvvəni sizdən heç kim ala bilməz. Qüvvətli olmaq üçün təhsilli və savadlı olmalı, sağlam qidalanmalı və fiziki hazırlıqlı olmalısınız. Ailə planlaşdırması haqda düşünün. Siz gələcəyin analarısınız.
Aybəniz Məmmədova (USAİD-in nümayəndəsi):
-İKT sahəsində məlumatı olan qadın işsiz qalmır. Bir çoxları kompüter öyrəndikdən sonra nailliyyətlərə nail olurlar. Bu yaxınlarda fiziki qüsuru olan qıza İPAD bağışlanması və onun interneti öyrənməsi həyatını dəyişib. Artıq o işlək əlləri vasitəsilə çox əməliyyatlar edir. Və hətta o “Əlimdə robot olsaydı, kompüterim düşəndə onu qaldırardı” deyə daha geniş düşünür. Bax, o robotları siz gənclər icad etməlisiz. Ümid edirəm ki, gələcəkdə sizin parlaq karyeranızı görə biləcəyik.
Şəfaqət Mahmudova (AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təmsilçisi, texnika üzrə fəlsəfə doktoru):
-İKT-nin başlanğıcını qadınlar qoyub. İlk kompüter proqramını Ada Bayron yazıb. Bugün institutumuzda əməkdaşların 60 %-ni qızlar təşkil edir. Siz də erkən yaşda ailə qurmağa tələsməyin. Təhsilə fikir verin, elmi tədqiqat sahəsində uğurlar qazanın. Sosial şəbəkələrdən tanışlıq üçün deyil, fikir mübadiləsi üçün istifadə edin. Öz şəbəkənizi yaradın və inkişafınız üçün internetdən məqsədli istifadə edin.
Ələsgər Məmmədli (İREX-Azərbaycan təşkilatının direktor müavini):
-İREX Azərbaycanda 17 illik fəaliyyəti dövründə regionlarda ciddi işlər aparıb. Bu gün sosial şəbəkələr cəmiyyətdə önəmli yer tutub. 30-40 il əvvəl əlimizdə bu qədər infrastruktur yox idi. Biz yalnız kitab alıb oxuya bilirdik. Bugün isə internetdə istədiyimiz mövzuyla bağlı informasiyanı axtarmaq, tapmaq və oxumaq imkanımız var. Bununla yanaşı, əgər bugün 1 mly. 200 min insan Facebook istifadəçisidirsə, deməli onlarla əlaqə qurmaq imkanımız var. Və bu imkandan məqsədyönlü istifadə etmək sizdən asılıdır.
Ülviyyə Əsadzadə (İREX-Azərbaycan təşkilatının nümayəndəsi):
-Son 3 ildə Qızlar İKT layihəsi həyata keçirilir. Mən gənc qızları yeni ideyalar, onları reallaşdırmaq üçün yollar axtarmağa çağırıram.
Şərhlər bağlıdır.