11 saylı ƏVD-nin rəhbərləri vergi ödəyiciləri ilə görüşdü
Mayın 19-da Yevlax şəhərindəki Şahmat məktəbinin binasında vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Zaur Adilov, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu İdarəsinin direktoru Qüdrət Məmmədov və Vergi ödəyicilərinə xidmət şöbəsinin rəhbəri Elçin Paşayev vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklər, bu dəyişikliklərin üstün və praktiki cəhətləri barədə məlumat verib və vergi ödəyicilərinin suallarını cavablandırıblar.
Qeyd olunub ki, 2017-ci il yanvar ayının 1-dən «Nağdsız hesablaşmalar haqqında» Qanunun icrasına başlanıb. Eyni zamanda ictimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları, “Elektron qaimə-fakturanın forması” və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” qəbul olunub. “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 17 mart 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı əmək münasibətlərinin rəsmiləşdirilməsi və bu qanunların pozulmasına görə nəzərədə tutulan məsuliyyət tədbirləri barədə də vergi ödəyicilərinin məlumatlandırılmasına ehtiyac var.
Görüşdə bildirilib ki, bir sıra fəaliyyət sahələri, o cümlədən, tikinti işləri ilə məşğul olan vergi ödəyiciləri işçiləri işə cəlb edərkən əmək müqaviləsini rəsmiləşdirmirlər. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan vergi, inzibati və cinayət məsuliyyətinin mahiyyəti izah olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i “İnsan Hüquqları Günü” kimi qeyd olunur. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə bu ərəfədə, mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir. Ombudsman 8 may 2017-ci ildə müraciət edərək, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar Vergilər Nazirliyində də tədbirlərin keçirilməsini xahiş edib. Bu, həm də vergi ödəyicilərini maarifləndirmək, onlara Vergi Məcəlləsinin 15-ci maddəsi ilə nəzərdə tutulan hüquqlarını izah etmək məqsədi daşıyır.
Şərhlər bağlıdır.