Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bələdiyyə başçısı Mİngəçeviri sevirmi?

Dünən Türkiyədə çox möhtəşəm bir hadisə baş verdi. Əslində 31 martdan bu yana xalqın inamını, etibarını, ən əsası sevgisini qazanmaq uğrunda mübarizə gedirdi. Xalqını daha çox sevən qalib gəldi-Əkrəm İmamoğlu. Demək ki, xalqın sevgiyə ehtiyacı varmış, onu düşünən, dərdlərinə çarə tapacağına söz verən və bu sözü tutmaq üçün layiq olduğu yer, vəzifə uğrunda mübarizə aparacaq, qətiyyət göstərəcək, hiyləsiz, riyasız bir başçıya-bələdiyyə başçısına- ehtiyacı varmış. İstər-istəməz xəyalımda müqayisə yarandı, çünki dünən məhləmizə Mingəçevir Bələdiyyəsindən bir-iki nəfər gəlib və binanın həyətində olan ümumi su krantını, özü də şəhid ailəsinin və məhlənin camaatının xərci ilə düzəldilmiş krantı, bağlamaq istədiklərini bildiriblər. Guya həyətlərdəki su krantları israfçılıq edirmiş, şəhərə su vermək çətinləşibmiş… Mİngəçevir su anbarı yanımızda, Kür çayı şəhərin ortasından axır, bunlar suyu əhaliyə pulla verdikləri bəs etmir, hələ bir su qıtlığından danışırlar. Doğrusu az qala iyirmi ildir Mİngəçevirdə yaşayıram, hələ indiyə qədər Mİngəçevirdə bir nəfər də olsun bələdiyyə başçısı tanımamışam və şəhərdə heç vaxt hansısa seçim təbliğatı, namizədlər arasında rəqabət, yarış, mübarizə ab-havası, həyəcanı  olmayıb. Hal-hazırda da bələdiyyə başçısının kim olduğunu bilmirəm, bilən də görmədim. Mingəçevir yayı çox isti keçən bir şəhərdir, indi də ağacların yarpaqları vaxtsız quruyub tökülür, onların tez-tez suvarılmağa ehtiyacı vardır. Təəssüf ki, buna məsuliyyət daşıyan vəzifəli şəxslərin hələ ki, fəallığı hiss olunmur, parklarda da eyni vəziyyət hökm sürür, yol kənarlarından isə danışmağa dəyməz. Deyərsiniz ki, fontanlar var, amma bir-iki fontanla iş bitmir, bu qayğı bütün şəhəri əhatə etməlidir, Mingəçevir balaca, çox balaca şəhərdir. Doğrudanmı bu şəhəri, onun insanlarını və insanları üçün faydalı olan yaşıllığını, eyni zamanda susuzluqdan yanan digər canlılarını: quşlarını, heyvanlarını sevən bir məmuru yoxdur?

Şərhlər bağlıdır.