Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zəkalar qarşı-qarşıya gəldi – Qalib Mingəçevir komandası oldu

263

“mi-news.az” saytı, “Azərbaycan müəllimi” nə istinadən xəbər verir ki,  Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü nəticəsində reallaşdırılan və ölkənin ən istedadlı şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Mərkəzi Aran regionu üzrə final mərhələsi baş tutub. Bu mərhələ intellektual hazırlığın və fənn biliklərinin qiymətləndirilməsi, təhsil sisteminin perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə kimi yadda qalıb.

İki əsas istiqamət – şahmat və bilik müsabiqələrindən ibarət olan olimpiada Yevlax, Mingəçevir, Zərdab, Ucar, Kürdəmir, Göyçay və Ağdaş rayonlarının seçilmiş məktəbliləri arasında gərgin mübarizə ilə keçib.

Tədbiri giriş nitqi ilə açan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı olimpiadanın əhəmiyyətini vurğulayıb: “Şagirdlər sadəcə bir yarış üçün deyil, gələcəyin formalaşmasında iştirak etmək üçün bir aradadırlar. Hər biriniz  öz rayonunuzda intellektual və akademik səviyyənizlə fərqlənərək bu mərhələyə yüksəlmisiniz. Sizin bu səviyyəyə çatmağınız təhsilə olan inamınızın, əzminizin və zəhmətinizin nəticəsidir. Biz Mərkəzi Aran regionu olaraq gənc nəslimizin belə bir mötəbər yarışda parlamasından qürur duyuruq”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov olimpiadanın bu şəhərdə keçirilməsini yüksək qiymətləndirib:

“Mingəçevir bu gün Azərbaycanın intellektual həyatında vacib bir hadisəyə ev sahibliyi edir. Bu yarış təkcə məktəblilərin bilik səviyyəsini yoxlamaq üçün deyil, eyni zamanda, onların elmi axtarışa olan marağını, yeniliklərə açıq düşüncə tərzini və komanda ruhunu gücləndirmək üçün mühüm platformadır. Bu gün burada parlayan gənclər sabahın alimləri, mühəndisləri, pedaqoqları və rəhbərləri olacaqlar. Bu günün qalibləri sabahın qurucularıdırlar”.

Sonra olimpiadanın spikeri, tanınmış təhsil ekspert  İnqilab Şirinli yarışın strukturu və qiymətləndirmə sistemi barədə geniş məlumat verdi. O bildirdi ki, suallar fərqli çətinlik dərəcələrinə əsasən hazırlanıb və buna uyğun bal dəyəri müəyyən edilib:

“Qiymətləndirmə sistemimiz şagirdlərə analitik düşünməyi, prioritetləşdirməyi və strateji qərar verməyi öyrədir. Asan suallar daha az bal gətirir, orta səviyyəli suallar müvafiq bal, daha çətin suallar isə yüksək bal dəyərinə malikdir”.

Bilik istiqaməti üzrə yarış isə xüsusilə gərgin keçdi. Bu mərhələdə rayonlar arasında fərqlənən Mingəçevir şəhərinin komandası qalib oldu. Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova qalib şagirdləri təbrik edərək bildirib ki, bu komandanın qalibiyyəti arxasında sistemli hazırlıq dayanır. Onların hər biri respublika və beynəlxalq səviyyəli yarışlarda öz sözünü deyən şagirdlərdir. Bu nəticə Mingəçevir təhsilinin sistemli inkişafının göstəricisidir. Bu uğur müəllim-şagird əməkdaşlığının, valideyn dəstəyinin və düzgün strategiyanın nəticəsidir”.

Komandanın kapitanı Məhəmməd Əliyev qalibiyyət haqqında təəssüratlarını bizimlə bölüşüb:

“Biz yarışa qatılarkən bilirdik ki, əsas məsələ düzgün yanaşmadır. Hədəfimiz asan suallardan bal toplamaq əvəzinə ən çətin sualları cavablandırmaq olub. Sualların çətinlik dərəcəsinə görə bal sisteminin qurulması çox ədalətli idi. Biz komanda şəklində strateji yanaşma ilə suallara cavab verdik və bu bizi qalib etdi. Elm və Təhsil Nazirliyinə şəffaf və obyektiv qiymətləndirmə üçün minnətdarıq. İndi hədəfimiz respublika mərhələsində də birinciliyi qazanmaqdır”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.