Yevlax şəhərində “Şuşa ili”
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə silsilə tədbirlər davam edir
Ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Bu kimi tədbirlərdən biri də Yevlax şəhərində baş tutub. Tədbir çərçivəsində Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbinin yaradıcı kollektivi tərəfindən maraqlı və yaddaqalan konsert proqramı təqdim olunub.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və sonra Dövlət Himni səsləndirilib.
Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Şuşanın, o cümlədən Qarabağın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan danışıb. Vurğulayıb ki, 30 illik işğal dövründə erməni vandallığına məruz qalan ərazilər Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı, Heydər Əliyev Fondunun proqram və layihələri ilə bərpa olunur, yenidən qurulur.
Tədbirin davamında ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnılar, səhnəciklər, eyni zamanda mədəniyyət beşiyi sayılan Şuşanın bir inci kimi yetişdirdiyi incəsənət xadimlərinin əsərləri ifa olunub, “Arşın mal alan” operettasından “Qızların Xoru” səhnəsi nümayiş etdirilib.
Sonda məktəb kollektivinin ifasında “Əziz Şuşa” mahnısı ifa edilib və xatirə şəkilləri çəkilib.
Şərhlər bağlıdır.