Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində “Ustad Dərsi” keçirilib

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsi”nin qalib layihələrindən olan “ART-Studio” layihəsinin növbəti mərhələsi çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbində xüsusi ustad dərsi təşkil edilib. Layihə komandasının əsas məqsədi xalq sənətinin yaşadılması, xüsusilə dulusçuluq (gil qabların hazırlanması) kimi qədim peşənin yeni nəsillərə ötürülməsidir.

Bu məqsədlə məktəbdə yaradılmış “ART-Studio”da dulusçuluq aparatı quraşdırılıb və onun tətbiqi, istifadəsi ilə bağlı praktik məşğələlərə start verilib. Növbəti mərhələdə Şəki şəhərindən dəvət olunmuş Məmmədov Şöyüb usta layihənin işçi qrupuna dulusçuluğun sirləri barədə ustad dərsi keçib. Usta, gil qabların hazırlanması prosesi, işləmə texnikası, müxtəlif formaların yaradılma qaydaları və bu sənətin tarixi kökləri barədə geniş məlumat verib.

Məmmədov Şöyüb usta Şəkinin tanınmış sənətkarlarından biri olan Usta Şöyübün nəvəsidir. Əvvəllər Şəki şəhərində 40-a yaxın dulusçu fəaliyyət göstərsə də, hazırda bu sənəti yalnız Məmmədovlar ailəsi davam etdirir. Şöyüb ustanın atası Əhməd usta piti qabları, kuzələr, nimçələr və ümumilikdə gildən hazırlana bilən bütün əl işləri ilə tanınır. Ailə ənənələrini qorumaq məqsədilə Şöyüb Məmmədov da bu qədim sənətin yaşadılması yönündə fəal çalışır. Onun sözlərinə görə, Xaldan kənd kompleks tam orta məktəbinin xalq sənətini tədrisə inteqrasiya etmək yönündə atdığı addım çox dəyərlidir və bu layihəyə sevə-sevə dəstək verir.

Layihə çərçivəsində təşkil olunan ustad dərsində məktəbin müəllimləri və şagirdləri dulusçuluq aparatından istifadə qaydaları, gil qabların formalaşdırılması texnikası, bəzədilməsi və bişirilmə prosesinə dair praktik biliklər əldə ediblər. Eyni zamanda, məişətdə, gündəlik həyatda gildən hazırlanan qabların əhəmiyyəti, qədim dövrlərdən bu günümüzə qədər gələn xalq sənətinin dəyəri vurğulanıb.

Ustad dərsi zamanı müəllimlərin xalq sənətinin məktəb praktikasına tətbiqi, texniki təchizat, uşaq marağını stimullaşdıran metodlar kimi sualları da cavablandırılıb. Şöyüb usta gələcək nəsillərin bu dəyərli peşəni öyrənərək davam etdirməsinin vacibliyini qeyd edib. Gənclərin əl qabiliyyətinin, yaradıcı təfəkkürünün inkişafı baxımından dulusçuluğun həm tarixi, həm də mədəni əhəmiyyət daşıdığı vurğulanıb.

Xaldan kənd kompleks tam orta məktəbində yaradılan “ART-Studio”nun əsas hədəfi, şagirdlərə bədii vərdişlər qazandırmaqla yanaşı, onların xalq sənətinin sirlərinə vaqif olmalarını təmin etməkdir. Bu, eyni zamanda şagirdlərin əl bacarıqlarının üzə çıxarılması, sənətə maraqlarının artırılması və gələcəkdə bu sahə üzrə peşəkar istiqamət seçmələrində dəstək vermək məqsədi daşıyır.

Məktəb rəhbərliyi və layihə işçi qrupunun üzvləri, o cümlədən iştirakçı müəllimlər də bu növ praktiki dərslərin əhəmiyyətini yüksək qiymətləndirir. Onlar bildirirlər ki, layihənin davamı olaraq dulusçuluq sənəti ilə yanaşı digər ənənəvi sənətlərə də yer vermək mümkündür. Bununla da şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığı möhkəmlənəcək, həmçinin müasir dövrün tələblərinə uyğun yaradıcı bacarıqları inkişaf edəcək.

Qeyd edək ki, 5 ay davam edəcək layihədə təlimlərlə yanaşı, yaradılan ART-Studio-da şagirdlərin praktiki məşğələləri davam etdirilir.

Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində
Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində
Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində
Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.