Neçə gündür ki, baş verənlərin təsirindən çıxa bilmirəm və heç bir halda itkilərimizlə barışa bilmirəm, yəqin ki, heç zaman da barışmayacağam. Necə ki, 2016-cı ilin aprel döyüşlərinin nəticələri ilə barışa bilmədiyim kimi. Neçə-neçə əsgər, yüksək rütbəli zabitlərimizi itirdik. Bu dəhşətin, xəyanətin hesabı çəkilməmiş, xainlər cəzalanmamış növbəti xəyanət qapılarımızı döydü və yenə neçə-neçə igid oğullarımız həlak oldular. Və heç nəyə baxmayaraq ordumuz da, xaqlımız da yerindədir. Ordu öz vəzifəsini yerinə yetirməyə çalışır, əsgər yalnız düşmənlə haqq-hesab çəkə bilir, içindəki xainlərlə deyil. Xalqımız da yerindədir, çətin gündə kimsənin köməyi, fitvası, göstərişi olmadan ayağa qalxmağı, birlik olmağı, güc olmağı bacarır və bu gün də bacardı, küçələri, meydanları doldurdu. Ordusuna, dövlətinə, hətta zəif, çarəsiz, yarıtmaz, onu təhqir edən hökümətinə də sahib çıxdı. Çünki xalq olmaq budur, ayrıseçkilik salmır, haqq-hesab çəkmir, sadəcə sahib çıxır, onu satanlara, xainlərə də. “Xalqın yanında olmaq” ifadəsi də mənim üçün artıq öz əhəmiyyətini itirdi, çünki xalqdan biri ola bilərsən, onunla birgə ola bilərsən, vəssalam. Ya da sənə aid olan yerdə, o yerdə ki, sən öz vəzifəni bilirsən, sorğulamağı, xainləri tapmağı və cəzalandırmağı bacarırsan. Bu hadisələr həm də bunu aydınlaşdırmağa mənə kömək etdi: öz yerində olmamağın nələrə səbəb olduğunu. Ziyalılarımız yerində deyil, müəllimlərimiz- istər orta, istərsə də ali məktəb-yerində deyil. Məktəbdə müəllim, akdemiyada ailm, bürolarda vəkil işləmək, maaş almaq hələ yerində olmaq demək deyildir. Təkcə bu gün yox, otuz ildir ki, heç kim yerində deyilmiş, niyə?- çünki bu gün xalqın hüququnu qoruyan vəkillərimiz, ölkəmizin bu çətin günlərində onun səsini dünyaya çatdıran mediamız, bir nəfər də olsun diplomatımız, məhkəmələrdə düzgün qərarlar verən hakimlərimiz yoxdur. Hərdənbir kiminsə haqsız atmacalarına, sosial şəbəkələrdə boş-boş ittiham edənlərə cavab vermək, elə -“düşməni cavab atəşi ilə susdurmaq” kimidir, müharibədə qalib gəlmək deyil. 1918-ci ili yadınıza salım, Azərbaycan od tutub yanırdı, rus, alman, fransız silahlı dəstələri ermənilərə kömək edir, Azərbaycanda qanlı qırğınlar törədirdi, ermənilər Qarabağı, İrəvanı azərbaycanlılardan təmizləməyə çalışır, qətllər törədirdilər. Belə bir vaxtda Azərbaycan Xalq Cumhuriyyətinin hökümət rəhbərləri həm ölkədə silahlı qırğınlara son qoymaq üçün çalışır, orduya kömək edirdilər, həm də xaricə rəsmi səfərlər edir, Amerikada, Fransada, Alamaniyada, İngiltərədə diplomatlarımız danışıqlar aparıb dövləti xilas etməyə çalışırdılar və buna müvəffəqiyyətlə nail olurdular. Azərbaycan, dövlət olaraq, həm ordumuz, həm də diplomatiyamız hesabına yaşamağı bacardı. Bu gün isə, çox təəssüf ki, Azərbaycanı dövlət olaraq xilas edəcək diplomatlarımız yoxdur, onun haqlı olduğu davada onu rəsmi olaraq müdafiə edən heç bir dövlət yoxdur. İndi bildinizmi ki, otuz ildir ki, yerimizdə olmamışıq, olsaq da bir işə yaramamışıq? Belə məlum olur ki, təkcə Elmar Məmmədyarov deyilmiş yerində olmayan, onun ətrafındakılar da yerində deyil, sadəcə, kresloları məşğul ediblər. Azərbaycanda təkcə xalq və ordu yerindədir, amma hər kəs yerində olsa yaxşıdır, çünki xalq da, ordu da bir yerə qədər dayana bilər, onlar da tükənəndə biz də məhv olacayıq, bunu unutmayın. Anladım ki, həmrəylik, sadəcə, bir-birinin yanında olmaq deyil, həm də öz yerində olmaqdır, sözün bütün mənalarında. O yerə layiqsənsə, bacarırsansa heç kimdən nə kömək, nə də dəvət gözləməməlisən və o yeri tutmalısan, nəyin bahasına olursa olsun. Əgər belə olarsa, hər kəs öz yerində olarsa, nə generallarımız ölməz, nə də əsgərlərimiz, nə də xalq ona xəyanət edənlərə sahib çıxmağa məcbur olmaz. Hər kəs öz yerində olmalıdır, ləyaqətlə, vicdanla öz işini, vəzifəsini yerinə yetirməlidir, vəssalam!
Tanrım, bütün şəhidlərimizin ruhunu şad et, onların üstümüzdə olan haqqını ödəmək üçün bizə güc və qüvvət ver, Amin!
Mehparə Rəhimqızı.
17.07.2020. Mingəçevir.
Şərhlər bağlıdır.