Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeni dərs ilimiz münasibətilə.

Sinifdə aləm bir-birinə qarışmışdı. Mən isə bu gurultudan bir qədər uzaq olmaq və təmiz hava almaq üçün pəncərənin önündə dayanmışdım. Əksəriyyət uşaqlar yerində otursa da, beş-altı uşaq sinifdə ora-bura qaçışır, yoldaşlarını itələyir, partaların başına hərlənirdilər. Həm də bu dəcəllər oturacaqların üstündəki döşəkcələri bir-birinə atır və qışqırışırdılar. Elə bu vaxt zəng çalındı, amma  onların heç vecinə də olmadı. Mən çox dilxor idim, döşəkcəmi tapıb birtəhər yerimə keçdim. Otaq toz olanda məni asqırmaq tuturdu, çünki toza qarşı allergiyam vardı, ona görə də istəmirdim ki, dərsdə  diqqəti bu cür cəlb edim. Kitab- dəftərimi çıxardıb partamın üstünə qoydum, cədvəl üzrə fizika dərsi olmalı idi, ilk dəfə idi ki, “Fizika” dərsi keçəcəkdik, çox həyəcanlı idim. Yanımdakı oturacaq isə hələ də boş idi, çünki onun sahibi də qaçanlar arasında idi. Bu zaman dəhlizdə qaçanlar sinfə doluşdular və qışqırışdılar: -müəllim gəlir! Onların ardınca müəllim də sinfə girdi. Hələ də kimlərsə öz yerini tapmağa çalışır, bəziləri də üst-başını qaydaya salırdı. Müəllimi görəndə çaşıb qaldım, onun əynində çox qəribə bir xələt… yox, xələt deyildi, amma oxşayırdı, tünd qara rəngdə, boynu… yox, rəngi tünd qırmızı olan  naxışlı yaxalığı axıra qədər uzanan üst geyimi vardı, ətəyi isə lap yerə dəyirdi. Bir az da tanış gəlirdi mənə, enli yaxalığı, uzun qolları, hardasa görmüşdüm bu geyimi???Əlində isə qalın bir kitab vardı, ancaq bizim dərsliklərə heç oxşamırdı. Deyəsən müəllimin bu görkəminə hamı təəccüblənmişdi. Uşaqlar yerbəyer olana qədər müəllim gözlədi. Sinifdə açıq-aşkar tozlar uçuşurdu, müəllim pəncərəyə tərəf getdi, onu axıra qədər açdı. Deyəcəyi sözlər aydın idi:-“Utanmaq lazımdır!” Amma müəllim heç nə demədi, yarıciddi bir mehribanlıqla  bizi süzdü. Təəccübümüz hələ də davam edirdi, həm müəllimin geyiminə, həm də səssizliyinə. Nəhayət ki, müəllim dilləndi:-“Əyləşin! Mən sizə “Fizika” fənnini tədris edəcəm. Sizin üçün yeni fənn olsa da, öyrənəcəklərimizin bir çoxu ilə “Həyat  bilgisi” fənnindən tanışsınız. Kim gəlib lövhədə bildiyi təbiət hadisəsinin şəklini  çəkər?” Şəkil çəkməyi xoşlayanlarımız tez əllərini qaldırdılar, təbii ki, mən də.  Müəllim lövhəyə üç uşaq çağırdı, onlar da lövhəyə bəzi şəkillər çəkdilər, əgər bunlara şəkil demək olardısa, çox gülməli idilər…Müəllim üzünü oturan uşaqlara tutub sual verdi:- “Hansı təbiət hadisələrinin adlarını çəkə bilərsiniz?” Uşaqlar həm icazə ilə, həm  də oturduqları yerdən təbiət hadisələrinin adlarını çəkirdilər. Ürəyim darıxdı, istəyirdim ki, müəllim məni də qaldırsın, öz-özümə deyindim: “Arxa partada oturmaq da belədir də”… Müəllim yenə sinfə müraciətlə soruşdu:-“Bəs fiziki hadisə nədir?” Sinifdə bir anlıq sakitlik yarandı və mən tez əlimi qaldırdım. Nəhayət ki, müəllim məni də gördü, tez ayağa qalxıb birnəfəsə dedim:-“ Müəllim, yeddi növ fiziki hadisə var, fiziki hadisə cisimlərin iştirakı ilə, həm də onların daxilində baş verir, yeddi not var, göyqurşağının da yeddi rəngi var”. Müəllim gülümsədi və dedi :-“Doğrudur, əyləş!” Axşam dərsliyi vərəqləmişdim və ilk dərsi də oxumuşdum, yadımda  çox şey qalmışdı və indi də köməyimə çatdı. Sonra müəllim bayaq içəri girəndə əlində gətirib divara söykədiyi böyük taxta lövhəni çevirdi, sinifdən qəribə bir uyyy! uğultusu keçdi. Orda maraqlı və rəngli şəkillər vardı. Müəllim dedi:- “Uşaqlar, tapşırıq belədir ki, bu hadisələrin adlarını nömrələrinə görə və eləcə də müşahidə etdiyiniz başqa təbiət hadisələrinin adlarını vərəqlərə yazacaqsınız”. Bir anlıq sinfə nəzər salan müəllim, hamıya ayağa qalxmağımızı və partaları birləşdirməyimizi istədi. Bu gün fizika dərsi birinci saat idi, partaları qrup üçün düzmək isə yadımıza düşməmişdi. Sinfi təmizləyənlər isə necə gəldi düzmüşdülər.Vaxtımız az idi, biz partaları iki-iki birləşdirməyə başladıq, qısa səs-küydən sonra oturub müəllimin payladığı ağ vərəqlərə hadisələri yazmağa başladıq, tez hazır etmək üçün səliqəsiz də olsa hadisələri alt-alta yazmağa başladıq, bir nəfər yazdı,  digərləri də həyəcanla , “tez olun, birinci biz olaq”, -deyə tələsdirirdilər. Hazır olandan sonra  müəllim hər qrupdan bir nəfəri  vərəqlə bərabər lövhəyə çağırdı. Lövhəyə dörd nəfər gəldik və hər birimiz növbə ilə vərəqdə yazılanları deməyə çalışdıq. Səhv yazanlar da vardı, səhvlərimizi düzəldəndən sonra yerimizdə əyləşdik. Sonra kitabımızdakı birinci bölməni və birinci mövzunu açdıq. Müəllim mövzunu oxumağı və tədqiqat sualına cavab tapmağı tapşırdı. 1-ci tədqiqat sualımız isə belə idi:” Yumurtanı butulkaya hansı qüvvə itələmişdi?” Dərsin bu mərhələsi də maraqlı keçdi, hətta heç bir dərsə fikir verməyən uşaqlar da bu dərsə əməlli-başlı maraq göstərirdi. Bir qədər mübahisə və  müzakirədən sonra isə qruplar bir-birinin işinə qiymət verdilər. Qiymətlərə görə isə bizim qrup hələlik lider idi. Qiymətləndirmədən sonra müəllim dedi:-“Uşaqlar ,yəqin ki, geyimim sizi təəccübləndirib? İkinci tədqiqat sualımız isə məhz bu geyimlə bağlıdır. Hər qrup bu geyimlə bağlı fikirlərini yazsın”. Doğrusu, bu geyimi harda gördüyümü hələ də yadıma sala bilməmişdim. Müəllimin sinfə gətirdiyi kitab  masasının üstündə idi, bayaq lövhəyə çıxanda gözucu ona tərəf baxmışdım . Kitaba üzlük çəkilmişdi və üstünə böyük hərflərlə “QANUNLAR” yazılmışdı. Bu geyim və kitab mənə nəyi isə xatırladırdı və qəflətən yadıma düşdü: filmdə görmüşdüm, vəkil geyinmişdi. Qrup uşaqları bir-birinə tərəf boylanır, sanki digər yoldaşlarından cavabı eşitməyə çalışırdılar. Mən cavabı yazdım və qrup uşaqlarımız da bunu sevinclə təsdiq etdilər. Digər üç qrupdan birində də uşaqlar sevincək idilər, deyəsən onlar da tapmışdılar. Müəllim vaxtın bitdiyini bildirdi və cavabı təqdim etməli idik. Mən iş vərəqimizi aparıb lövhəyə yapşdırdım, amma vərəqi tərsinə vurdum ki, cavab görünməsin, bir də, digər bir qrup gətirdi, o biri iki qrup isə cavabı tapmamışdı. Müəllim vərəqləri çevirməyimizi söylədi, o biri iki qrupun uşaqları cavabı görəndə çaşıb qaldılar, Türk filmlərində belə geyimləri gördüklərini, ancaq ağıllarına gəlmədiyini dedilər. Uşaqlar mübahisəyə başladı, biri dedi vəkillər geyinir, o biri dedi, hakimlər geyinir, bəzi uşaqlar da vəkil deyənləri, bəziləri də hakim deyənləri müdafiə edirdi. Müəllim dedi:- “Uşaqlar haqlısınız, amma mübahisə kimi yox, müzakirə şəklində davam edək. Onu əlavə edərdim ki, bu geyimi vəkillər geyinir. O zaman, deyin görüm, vəkillər nə işlə məşğul olur?”  Yenə də bəzi uşaqlar dedi ki, haqq-ədaləti qoruyur, bəziləri də dedi ki, qanunları qoruyur, kimi dedi ki, adamları boşayır, başqa birisi də dedi ki, vəsiyyət davasına baxır.  Mənim qəfil, özü də bir-neçə dəfə asqırmağım mübahisəni ani olaraq dayandırdı. Müəllim isə vəkilin işi haqda məlumat toplamağı ev tapşırığı olaraq verdi. Eyni zamanda, bunu dərsimizlə  əlaqələndirməyi və təqdimat hazırlamağı tapşırdı.

Müəllim sözünü bitirmişdi ki, zəng çalındı, uşaqlar cəld kitab-dəftərlərini  yığışdırmağa başladılar. Müəllim əşyalarını da götürüb sağollaşaraq sinifdən çıxdı. Onun çıxmağı ilə sinif yenə də əvvəlki halına döndü…Havada uçub kimlərəsə dəyən döşəkçələr, vurduğu uşağın qəzəbindən qaçanlar və onları qovanlar…Mən isə dərsin tez qurtarmağına məyus olmuşdum.

6-cı sinif şagirdlərinə həsr edirəm.

Mehparə Rəhimqızı.           Mingəçevir 09.09.2020

 

Şərhlər bağlıdır.