Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yaza-yaza şəhidləşən Faiq İsmayılov 60  yaşa çatdı

31 yaşında dünyasını dəyişən Faiq bəy “İynə boyu şeirlər”i və hekayələri, publisistik məqalələri “dişlərini dişlərinə sıxaraq” yazırdı

31 yaşında dünyasını dəyişən rejissor və aktyor, yazıçı və publisist Faiq İsmayılovun 60  yaşı oldu.  Bu münasibətlə Mingəçevir Gənclər Evinə toplaşanlar öncə Faiq bəyin məzarı önündə çəkilmiş sənədi filmə baxdılar. 

Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Zahid Qasimlı,  Əməkdar jurnalist, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nabiyev,  Azərbaycan Yazıçılar Birliyi Mingəçevir şöbəsinin sədri İsmayıl İmanzadə, telejurnalist-filoloq İnqilab Şirinbəyli,  Faiq İsmayılovun həyat yoldaş İlhamə İsmayılova xatirələrini bölüşüb, onun yaradıcılığının ictimaiyyətə təqdim olunmasında tələbə yoldaşı Azər Turanın xidmətlərindən danışıblar. Vurğulanıb ki, Tanrı ona bu dünyada qısa ömür yazsa da, böyük istedad verib və zəngin irs qoyub getmək fürsəti yaradıb. Mingəçevir teatrında quruluş verdiyi tamaşalar və ifa etdiyi rollar yaddan çıxmayıb. “İynə boyu şeirlər”i və hekayələri, “Əmək şöhrəti” və “Səda” qəzetlərində çap olunan publisistik yazıları bu gün də sevilə-sevilə oxunur. Eyni zamanda cəbhə bölgəsindən şəhərə döyüş ab-havasını gətirən reportajları təhlükəli şəraitdə çalışan jurnalistlər üçün  stolüstü kitaba çevriib.   

Faiq İsmayılov işgüzarlığı və istedadı ilə çox qısa müddətdə korrektorluqdan baş redaktorun müavini vəzifəsinədək yüksəlib. Məhz onun və həmfikri Zahid Qasımlının təşəbbüsü və zəhməti sayəsində “Mingəçevir şəhidləri” məlumat kitabı 1993-cü ildə ərsəyə gəlib. Faiq bəy kitabın çapını görməsə də ötən əsrin 90-cı illərində şəhid taleyi yaşayan 300-dən artıq ailənin qapısını döyüb, dərdinə şərik olub, onlarla birgə müharibənin ağrılarını yaşayıb. Elə buna görə də yubiley mərasiminə toplaşanlar belə qənaətə gəliblər ki, Faiq hələ sağ ikən şəhid olub, yaza-yaza şəhidləşib.  Mingəçevir şəhidləri Vüqar İsmayılov və Təbriz Cüməzadənin valideynləri bildiriblər ki, Faiq də Tanrının uca mərtəbəsində şəhid kimi uyuyur, cəmiyyət, o cümlədən gənclər bu insanı yaxşı tanımalı, onun yazılarını “dişlərini dişlərinə sıxmaqla” oxumalıdırlar. Faiqin hələ 20 yaşında yazdığı kimi: .  

“Günlərin bir günü

xatırlayıb məni,

oxumaq istəsəz

şeirlərimi,

Dişlərinizi dişlərinizə

sıxın oxuyun.

Dişlərimi dişlərimə

Sıxıb yazmışam”.

Şərhlər bağlıdır.