“Yaxşı olar ki, digər vergi hesabatları üçün də vahid bəyannamə tərtib olunsun”
Vergi qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı Mingəçevirdə informasiya sessiyası keçirilib
27 fevral 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi Mingəçevirdə vergi ödəyiciləri üçün informasiya sessiyası keçirib. İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Asəf Abbasov vergi qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı məlumat verib. O, diqqətə çatdırıb ki, Yüksək Texnologiyalar Parkında çalışan fiziki şəxslər 3 il ərzində 8000 manata kimi gəlirləri üzrə vergidən azad olacaqlar. Özəl tibbi klinikalarda yalnız 500 manata qədər ödənişlərin nəğd qaydada qəbuluna icazə verilib. Kameral vergi yoxlamalarının müddəti 30 gündən 90 günədək uzadılıb. Əmlak vergisi hesabatı formasında dəyişiklklər olub. Ən vacib yenilik isə budur ki, 2024-cü ilin yanvarından fiziki və hüquqi şəxslər vergi hesablarına yalnız gücləndirilmiş imza ilə daxil ola biləcəklər (hazırda əksəriyyət kod, parol və şifrə yazmaqla daxil olur).
Vergi ödəyiciləri bir sıra dəyişikliklərin onların işini asanlaşdırdığını diqqətə çatdırıb, eyni zamanda təkliflərini də bildiriblər. Qeyd olunub ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” hesabatvermə prosesini xeyli asanlaşdırıb: “Yaxşı olar ki, digər vergi hesabatları üçün də vahid bəyannamə tərtib olunsun”.
Şərhlər bağlıdır.