Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“YAŞAT” Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.

SMS-si göndərdikdən sonra vətəndaşa ödənişin statusu ilə bağlı cavab gəlir. Uğurlu ödəniş edildikdə – Hörmətli abunəçi, siz “YAŞAT” Fonduna XX AZN uğurla ianə etdiniz. Qələbəni bizə yaşadanları birlikdə Yaşadaq! Digər xidmətlərdən rahatlıqla istifadə etmək üçün zəhmət olmasa balansınızı artırın. Balansda kifayət qədər məbləğ olmadıqda – Hörmətli abunəçi, balansınızda kifayət qədər məbləğ yoxdur. “YAŞAT” Fonduna ianə etmək üçün balansınızı artırmağınızı xahiş edirik.

Sistemdə təkmilləşdirmə işləri aparıldıqda və ya problem olduqda – Hörmətli abunəçi, sistemdə təkmilləşdirmə isləri aparıldığından “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Daha sonra təkrar yoxlamağınız xahiş olunur.

Düzgün ödəniş məbləği seçilmədikdə – Hörmətli abunəçi, göndərdiyiniz kod yanlışdır. “YAŞAT” Fonduna ianə etmək üçün 1, 3, 5, 10, 20, 50 məbləğlərdən birini seçməklə ödəniş edə bilərsiniz.

Korporativ abunəçi olduqda – Hörmətli abunəçi, siz korporativ abonent olduğunuzdan “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Fərdi abunə nömrəsindən istifadə etməyiniz tövsiyə olunur.

Bununla yanaşı, “YAŞAT” Fonduna onlayn formatda “ASAN Ödəniş” vasitəsilə dəstək olmaq şəraiti yaradılıb. Bunun üçün vətəndaşlar asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “YAŞAT” Fondu bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər. Həmçinin Fonda bank hesabları və ödəmə terminalları vasitəsilə də ianə etmək mümkündür. Bank rekvizitləri ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun portalı istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan portalın məqsədi Fonda müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək, ianə etmək imkanlarını daha da genişləndirməkdir.

Portalın “Haqqımızda” bölməsində Fondun yaradılması məqsədləri, qanunvericilik və Himayəçilik Şurasının tərkibinə dair məlumatlar yerləşdirilib.Vəsaitlərin xərclənməsi haqqında geniş məlumatın əks olunduğu “Hesabatlar” bölməsində dəstək göstərilənlər, xərclənmiş vəsaitlər və edilən ianələr haqqında ətraflı hesabatlar yerləşdirilib.“Faydalı” bölməsi vasitəsi ilə isə ən çox verilən suallar və cavabları ilə tanış olmaq mümkündür. “Onlayn ianə” düyməsi vasitəsi ilə ianə etmək imkanı yaradılıb.

“ASAN xidmət”in bütün rayonlar üzrə ayrılmış qrupları tərəfindən şəhid ailələrinə dair müvafiq məlumatlar tam toplanıb. Vətən müharibəsində yaralananlarla bağlı isə portalın “Daxil ol” bölməsində qeydiyyatdan keçib, əlilliyi təsdiq edən məlumat və sənədləri qeyd edərək “müraciət et” bölməsinə keçid əldə etmək mümkündür. Bu bölmədə tələb olunan məlumatları yerləşdirmək və Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapan istiqaməti qeyd etməklə həmin şəxslərin müraciətləri tamamlanır.

İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək. Birinci Qarabağ müharibəsi və digər dövrlərdə şəhid olanların ailə üzvləri və əlilliyi müəyyən olunmuş şəxslər isə mart ayından etibarən yashat.gov.az portalında qeydiyyatdan keçə biləcəklər.

Qismən görmə məhdudiyyətli şəxslərin portaldan istifadəsini daha da asanlaşdırmaq məqsədilə portalın yuxarı sağ küncündə “Rəqəmsal müyəssərlik” düyməsi yerləşdirilib. Həmin düyməyə klik etməklə portal interfeysinin rənginin tənzimlənməsi, daha rahat görünməsi üçün kursorun və mətnlərin böyüdülməsi və digər bir sıra imkanlar mövcuddur.

Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Bu videoda isə SMS ianə ilə bağlı daha ətraflı məlumat verilib.

Şərhlər bağlıdır.