Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yaşamaq həm də xatırlamaqdır.

275

. Hər yaşadığımız xatirəyə çevrilmir, amma xatırlayırıq: bəzən sevinərək, bəzən kədərlənərək, bəzən unutmaq istəyirik, heç yaşamamışıq kimi. Həyata dəyər verirsənsə yaşadıqların da xatirəyə çevrilər. Əsərlərini oxuduğum yazarlardan daha çox Borxesin xatirələrə çox dəyər verdiyini anlamışam. Bu hal o qədər hiss olunur ki, bəzən həyəcanla, bəzən də narahtlıqla xatirələrin dəyərli olduğunu, hətta xatirələr uğrunda mübarizə aparmağın vacib olduğunu anladır. Əsərlərini oxuyarkən sən də öz xatirələrini soraqlayırsan. Uşaqlığımı xatırlayıram, Qarabağı, bu zəngin və gözəlliklər dolu diyarı, kəndimizi, isti, qəfil yağışlı yayını, bəzən gündüzü xatırladan aylı gecələrini, qarlı qışını, daha nələri…Bizim davamız təkcə torpaq davası deyil, bunu hər kəs anlamaz, bizim davamız həm də xatirələrimiz uğrunda davadır, bu mübarizədən heç bir zaman yorulmadıq, usanmadıq və heç bir zaman da bu davadan vaz keçmərik, ta ki, o yerlərə qayıdana qədər. Bizim üçün xatirələr çox dəyərlidir, çünki xatirələr bizim ömrümüzdür, hər birimizin, hamımızın. Həm də bir xalqın ömrüdür, xalqın ömrü isə mədəniyyətdir, tarixdir. Xatriələr bizi bizə bağlayır, ömrümüzə, həyatımıza, bu həyatı boşuna yaşamadığını anlamaq üçün.

Kitab oxumaq çox gözəldir, sanki bir yola çıxırsan, tanımadığın insanlarla tanış olursan, həm də tanıdıqlarını xatırlayırsan. İllərdir cəbhə xatirələri oxuduq, bitən, yarımçıq qalan ümidsiz həyatlar. Otuz ildir ki, bu xatirələrlə yaşayırdıq, bax, yeniləri yazılacaq, yeni xatirələr, qələbə sevincləri ilə dolu xatirələr. Daha gözəl, daha məğrur, daha qürurlu xatirələr. Xatirələr bizi yaşadır, həyata bağlayır, soyuqda qəlbimizi isindirir, içimizə fərəh dolur, istidən nəfəsimiz daralanda bir dəniz kimi sərinlik bəxş edir bizə. Bu bizim həyatımızdır, hər birimizin həyatı, hamımızın həyatı, bir-birimizin xatirələrində varıq, qoruyaq bir-birimizi, qoruyaq xatirələrimizi, qoruyaq vətənimizi, qoruyaq Qarabağımızı. Qarabağ, sadəcə, vaxtilə orda yaşayanların deyil, həm də Qarabağ onun uğrunda, bizim xatirələrimiz uğrunda vuruşanların həyatıdır, xatirələr məkanıdır artıq. Qarabağ bütün Azərbaycanı birləşdirən dəyərdir, qoruyaq bu dəyəri, qoruyaq xatirələrimizi, anladaq hər kəsə. Bir-birini sevməyin, Vətəni uğrunda vuruşmağın, ölümə qucaq açmağın, çətin gündə şərəfli, mərd, dəyanətli xalq olmağın, əbədi var olmağın dastanıdır Qarabağ!

 

Şərhlər bağlıdır.