Vətən müharibəsi başlandı, 2020-ci il 27 sentyabr günü. Erməni silahlıları bütün cəbhə boyu hücuma keçdi. “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Şıxəmir Qaflanov və 40 nəfərdən ibarət olan şəxsi heyəti də döyüş əməliyyatlarına başladı. İlk döyüşləri Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində olmuşdu və kənd azad edilmişdi. Sonra isə döyüşlər Cəbrayıl rayonu ərazisində davam etmişdir və rayonun ərazisi düşməndən azad edilmişdi. “Bəbir” dəstəsi isə qorxmadan, cəsarətlə irəliləyirdi. Bu döyüşlər ərzində dəstənin bütün üzvləri sağ-salamat, itki vermədən hücumlarını davam etdirirdi. Bu cəsur dəstənin qorxmaz komandiri Şıxəmir Qaflanovun son döyüşü isə Xocavəndin azad edilməsi uğrunda oldu. Oktyabrın 19-da saat 16:00 radələrində, döyüşlərin qızğın vaxtında Şıxəmir şəhid olur. Daha bir igid döyüşçü, qəhrəman komandir əfsanəyə çevrilir və Şıxəmir əfsanəsi yaranır, bu günün və gələcəyin oğullarının, qızlarının qürurla, sevə-sevə danışacağı bir əfsanəyə. Ruhun şad olsun igid komandir Şıxəmir Qaflanov!
15 dekabr 2020-ci ildə isə prezidentin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilir.
Vətən gülə bənzəyir, bir dəstə gülə.
Qoxladıqca doymursan o cənnət qoxusundan.
Tutmusan qucağında fərəhlə gülə-gülə.
Sevincindən ananın çöhrəsi güllər açıb.
Məktəbin həyətində, birinci dərs günündə,
Bağışladın gülləri sən ilk müəlliminə.
O səni qucaqlayıb minnətdarlıqla dedi:
-“Əziz oğlum Şıxəmir, güllər üçün çox sağ ol.
Nə gözəl qoxusu var, onlar çox gözəldirlər!
Hər zaman sorağını yüksəklərdən eşidək!,
Arzuların çin olsun, xoşbəxtlərdən olasan!”
Aylar, illər ötüşdü, yenə bir dəstə güllə,
Dayanmısan vüqarla, gözlərində sevgilə.
Bağışladın sevgiyə o gözəl gül dəstəsin.
Gözəl bir qız əlində güllərə döndü sevgin.
Yeni yurda, yuvaya, ocağa döndü sevgin
Ata oldun sevindin bir qucaq xoşbəxtliyə,
Övlad adlı ətirli dünyaya döndü sevgin,
Mədinənin gözündə gülüşə döndü sevgin.
Sevmək də çox gözəldir, sevilmək də gözəldir.
Sevdiyini qorumaq, yaşatmaq da gözəldir.
Nə çox sevdiyin varmış, həm də qorumaq eşqin.
Səni bir qəhrəman tək apardı cəbhələrə.
Ürəyin sevgi dolu, bu sevgini qorudun,
Ətirli güllər bitən bu çölləri qorudun,
Sənə əmanət olan bu vətəni qorudun,
Müqəddəs bir vəzifə, vicdanının səsiylə.
Gələn “Bəbir” dəstəsi, komandiri öndədir.
Vur komandir, vur!-dedi, düşmənə nifrət səsi,
Hər bir igid əsgərin, hər biri bəbir kimi,
Atıldılar döyüşə, atıldılar irəli.
Öndə gedir Şıxəmir, qoruyur əsgərlərin,
Sanki sipər eləyir güllələrə sinəsin.
Qanlı döyüşlər gedir cənnətim Qarabağda,
zinətim Qarabağda…
Bu qanlı döyüşlərdə qəhrəmanlıq göstərdin,
Qəhrəman övlad kimi cənnətlə müjdələndin
Vətənimin mərd oğlu!
Qoruduğun bu vətən aldı səni qoynuna,
Əziz övladı kimi basdı səni bağrına.
Rahat yat qəhrəmanım Vətənin qucağında!
Ətrafında hər zaman ətirli güllər açır,
Vətən qoxulu güllər, cənnət qoxulu güllər.
Şərhlər bağlıdır.