Yaralı əsgər Orxan Muradova və başqalarına tibbi yardım necə göstərilir?
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yaralıya “Bizdə sığorta sistemidir, sənin buralıq işin yoxdur” deyiblər
Son günlər sosial şəbəkələrdə 2-ci Qarabağ müharibəsinin qazisi Orxan Muradovla bağlı yayılan məlumatı həm qürur hissi ilə qarşıladıq, həm də təəssüflə.
Orxanın ön cəbhədə cəsarətlə döyüşməsi, düşmənin başını əzərək, işğalçılara qan uddurması ürəyimizi fərəhlə doldurdu. Amma Qubadlıda gedən döyüşlərdə ağır bədən xəsarətləri alması yaralarımızın üstünə duz səpdi.
Orxan Hərbi Hospitalda ilkin yardım alıb və qeydiyyatda olduğu Mingəçevir şəhərinə məzuniyyətə göndərilib. Ayağının rentgenə salınması və sarğısının dəyişdirilməsi ilə bağlı şəhər xəstəxanasına müraciət edəndə problemlə üzləşib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Orxana “Bizdə sığorta sistemidir, sənin buralıq işin yoxdur” deyib. Bu məsələyə laqeydlik göstərmək adı ilə yerli rəhbərliyi, o camlədən şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılovu da günahlandıranlar tapılıb.
İlham İsmayılov: “Adi sarğının dəyişdirilməsi üçün yaralının hər dəfə Mingəçevirdən Bakıya getməsi məntiqi görünmür”
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məsələ ilə bağlı müxbirimizin suallarrını cavablandırarkən bildirib ki, qaydaya görə hərbçilər qeydiyyatda durduqları hərbi xəstəxanada müayinə və müalicə olunmalıdırlar: “Şəhər Mərkəzi Xəstəxanasında ona bunu bildiriblər. Lakin mən də hesab edirəm ki, adi sarğının dəyişdirilməsi üçün yaralının hər dəfə Mingəçevirdən Bakıya getməsi məntiqi görünmür. Hətta mövcud xəstəxana bundan boyun qaçırarsa, biz yardımı özəl klinikaların köməyilə etməyə hazırıq və edirik”.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr bölməsinin müdiri İlahə İsmayılovanın dediyinə görə, başqa xəstəxanalarda sağalan və ya ev məzuniyyətinə göndərilən xəstələrə görə həmin xəstəxana cavabdehlik daşıyır: “Əgər xəstənin durumu acil olarsa, biz onlara yardım göstərməkdən kənarda qalmırıq. Sadəcə şəhər xəstəxanasının evdə xidmət fəaliyyəti yoxdur. Hansısa tibb işçisi öz təşəbbüsü ilə yardım edirsə, sağ olsun, təbii ki, qazilərə bizim hər birimizin borcu tükənməzdir. Yeri gəlmişkən bir məsələni diqqətə çatdırmaq istərdim. COVİD-19-a yoluxan hər bir xəstə ilə bağlı müalicə müəssisəsi xəstəxanaya rəsmi məktub göndərir. Buna görə də ailə həkimlərimiz həmin xəstələri nəzarətdə saxlaya bilir. Yaxşı olar ki, hərbi və digər xəstəxanalar da hərbçi yaralılarla bağlı belə müraciətləri bizə təqdim etsinlər, o zaman bizə də prosesi izləmək rahat olar”.
Qazilər öz təşəbbüsləri ilə onların qulluğunda duran tibb işçilərindən razılıq edirlər
Orxanın atası Fazil Muradov olaya açıqlamasında bildirib ki, başqa Azərbaycan vətəndaşları kimi onun oğlu da Vətən qarşısında borcunu yerinə yetirib: “Döyüşüb, yaralanıb. İnşaallah, ayağa qalxsın, yenə də əsgəri borcunu davam etdirməyə hazır olacaq. Oğlumun tez sağalması üçün əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Hazırda evində müalicəsini davam etdirən qazimiz Quliyev İlqar Rafiq oğlu da
Həkimlərindən razılıq edir: “Qeydiyyatda olduğum Hərbi Hospitalın həkimi və yerli tibb işçiləri vaxtaşırı mənimlə maraqlanırlar. Ay yarımdır ki, müalicədəyəm. Bakıda əməliyyatımı edən Emil həkim ötən bazar məni evimdə müayinə etdi. O, könüllü olaraq Yevlax qospitalına xəstənin əməliyyatı üçün gəlmişdi, ordan da mənim yanıma gəldi, vəziyyətimlə tanış oldu. Bir də Sevda xanım var, şəhər xəstəxanasının cərrahiyyə şöbəsində tibb bacısıdır. Hər gün işdən çıxandan sonra mənə baş çəkir, ayağımı masaj edir. Mingəçevir Mərkəzi Xəstəxanasının cərrahı Kamran həkim də nə zaman çağırsam, gəlir”.
Yerli dövlət xəstəxanasında, bəzi xidmətlər istisna olmaqla, əksər stasionar və ambulator xidmətlər dayandırılıb
Xəstəxana sözçüsünün sözlərinə görə, müharibə günlərində, sentyabrdan üzü bu yana bütün həkim və digər tibbi heyət gecə-gündüz yaralıların qulluğunda dayanıb: “Bir neçə həkimiz 44 gün ərzində ümumiyyətlə xəstəxanadan ayrılmadı, hətta evlərinə belə gedə bilmədilər. Tibbi heyətimizin gücü ilə 450 nəfər əsgər və zabitimiz, 21 nəfər mülki vətəndaşımız stasionar, 280 nəfər isə ambulator şəraitdə müalicə olundu. Mülki şəxslər Bərdəyə atılan raket zərbələri nəticəsində xəsarət almışdılar, onların əksəriyyəti ilkin yardım aldıqdan sonra evlərinə buraxıldılar. Hazırda xəstəxanada cəmi 4 qazimiz qalıb. Biri Mərkəzi Tibbi Hospitala göndəriləcək, 3-ü isə sağaldıqca təxliyyə olunacaq. Qaydaya görə, gücümüz çatırsa, sağaldıb, yenidən hərbi hissələrə təhvil veririk, əgər burada tam sağaltmaq imkanlarımız məhduddursa, Bakıya və ya Gəncəyə yollayırıq. Bir sıra xəstələr isə əliilik dərəsəsinin alınması üçün həkim ekspert komissiyasına göndərilib. Evlərdə müalicəyə nəzarət bizim üzərimizdə deyil, ancaq müraciət edən qazilərə çağırışları davam etdiririk.”
Onu da öyrəndik ki, hazırda Mingəçevir Xəstəxanasında, bəzi xidmətlər istisna olmaqla, əksər stasionar və ambulator xidmətlər dayandırılıb. Nəzərə alaq ki, həkimlərin bir hissəsi yeni növ koronavirusa yoluxduğundan bu addımın atılmasına ehtiyac yaranıb.
P.S. Məqalə çapa gedərkən öyrəndik ki, dekabrın 6-da təcili yardıma müraciət edən qazi Orxan Muradovin diz oynağı, baldır sümüyü, topuq oynağı rengen olunub, qarın boşluğu KT edilib, yara sarğısı dəyişdirilib, üzərində digər prosedurlar aparılıb.
Şərhlər bağlıdır.