YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib
2022-ci ilin 03 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, YAP üzvü olan MDU əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov iclasın gündəliyi barədə məlumat verib, YAP Mingəçevir şəhər təşkilatının sədri təyin olunması münasibətilə C.Yusibovu təbrik edib.
Yeni Azərbaycan Partiyasını ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün yaratdığı dəyərlərdən biri kimi xarakterizə edən Ş.Bayramov YAP-ın “Dünənin, bu günün və gələcəyin partiyası” devizi ilə ölkəmizdə və regionda ən böyük siyasi qüvvə kimi nüfuzunu davamlı gücləndirdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf konsepsiyası hazırda onun layiqli davamçısı, möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində icra olunur.
YAP-ın VII Qurultayında partiyanın sədrinin proqram xarakterli çıxışından sitatlar gətirən Ş.Bayramov yeni mərhələdə partiyada aparılan islahatlardan və qarşıya qoyulan vəzifələrdən bəhs edib. YAP üzvü olmağın yaratdığı məsuliyyətdən danışan rektor partiyanın üzvü olan MDU əməkdaşları və tələbələrinin ölkə başçısının ətrafında sıx birləşdiklərini vurğulayıb.
İclasda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov partiyanın sədrinin müvafiq göstəriş və tapşırıqları əsasında son dövrdə YAP çərçivəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Partiyanın ali idarəetmə orqanlarının, eləcə də şəhər və rayon təşkilatlarının yenidən formalaşdırılması, Veteranlar Şurası və Gənclər Birliyinin fəaliyyətinin təkmilləşdirilməsindən bəhs edən C.Yusibov YAP Mingəçevir şəhər təşkilatı qarşısında qoyulan vəzifələri diqqətə çatdırıb. Hesabat dövründə YAP Mingəçevir şəhər təşkilatının fəaliyyətində partiya üzvü olan MDU əməkdaşlarının və tələbələrinin fəal iştirakından məmnunluğunu ifadə edən C.Yusibov növbəti mərhələdə daha məhsuldar işbirliyi qurulacağını əminliyini bildirib.
Sonra, MDU-nun dosenti Esmira Cəfərova YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə geniş hesabat məruzəsi edib. Hesabat dövründə ərazi ilk partiya təşkilatının fəaliyyətinin əsasən təşkilatlanma işinə, Heydər Əliyev irsinin təbliğinə, partiya sıralarına qəbulun keyfiyyətinin yüksəldilməsinə, gənclərlə işin gücləndirilməsinə və digər vacib məsələlərə yönəldiyi qeyd olunub.
Ərazi ilk partiya təşkilatının sıralarında 239 nəfər partiya üzvünün birləşdiyi, onlardan 137 nəfərinin qadınlar, yarıdan çoxunun isə gənclər təşkil etdiyi bildirilib. Partiya üzvlərindən 36 nəfərinin müxtəlif sahələr üzrə alimlər olması xüsusi vurğulanıb.
Hesabat dövründə Universitetdə Ulu Öndərin doğum və anım günlərinə, xilaskarlıq missiyasına, Yeni Azərbaycan Partiyasının yaradılmasına, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara həsr olunmuş çoxsaylı tədbirlər keçirilməsi, sosial şəbəkələrdə təbliğat və maarifləndirmə xarakterli fəaliyyətlərin gücləndirildiyi bildirilib. Bütün bu işlərdə YAP üzvü olan universitetin professor-müəllim heyəti və tələbələrinin xüsusi fəallıq göstərməsi diqqətə çatdırılıb.
Ərazi ilk partiya təşkilatı üzrə üzvlük haqlarının toplanması işinin mütəşəkkil qaydada həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, YAP üzvü olan MDU-nun gənc əməkdaşları və tələbələri 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə, COVID-19 pandemiyasına qarşı sosial dəstək, təbliğat və maarifləndirmə işlərində, vaksinasiya prosesində, Nəsimi və Nizami illəri çərçivəsində keçirilən çoxsaylı tədbirlərin təşkilində, könüllülük fəaliyyətində yüksək fəallıq nümayiş etdiriblər.
Hesabatda 5 saylı ərazi ilk partiya təşkilatının bütün üzvlərinin bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün səfərbər olacaqları bildirilib.
Müzakirələrdən və çıxışlardan sonra, YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabat qənaətbəxş hesab olunub və yekdilliklə qəbul edilib.
Daha sonra, ərazi partiya təşkilatının sədrinin və sədr müavinin seçilməsinə dair açıq səsvermə keçirilib. İclas iştirakçılarının yekdil qərarı ilə Şahin Bayramov YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının sədri, Esmira Cəfərova isə sədrin müavini seçiliblər.
Şərhlər bağlıdır.