Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yad” versiyasına çevrilən “Otello” Mingəçevir səhnəsində

Vüsal Mehrəliyev: “Bu, Şekspirin yox, mənim yozumumdur, mənim versiyamdır. Hər şey belə də ola bilər”

Antik  dövr dramaturgiyasından  söz  düşəndə  dilə ilk gələn Esxil, Sofokl adarı  olur. İntibah dövrünün zirvəsində isə ingilis dramaturqu Vilyam  Şekspir dayanır. Onun bütün  yaradıcılığının  mayasında insan  ləyaqətinin  ucalığı, mənəvi yüksəklik, insanpərvərlilik, dərin həyatilik, məhəbbət ülviliyi  dayanır. Şekspir  mövzularını müxtəlif   ölkələrin həyatından götürsə də, zəmanəsinin gerçəkliklərini və xalqını təsvir edirdi. Buna görə hətta rəqibləri belə onu istedadlı və vətənpərvər bir müəllif kimi qəbul edirdilər.

Şekspir 1612-ci ildə Londondan doğma şəhəri  Stratforda qayıdıb və ömrünün axırına qədər  burada yaşayıb. O, 1616-cı ildə,  aprel ayının 23-də (anadan olduğu gündə) 52 yaşında vəfat edib. Ondan dünya xəzinəsinə 2 poema, 154 sonet və 37 pyes qalıb.

Şekspirin pyesləri zaman-zaman ən məhşur teatrların səhnəsində oynanılıb. Bəzi teatrlarda rejissorlar bu əsərlərə quruluş verməyə tərədüd ediblər. Buna  səbəb kimi teatrın truppasında Sekspir personajlarının olmamasını bəhanə gətirirdilər. Əslində isə bir çox rejissorların Şekspir ideyasının tam mahiyyətini açmaqda, onun ülviliyini dərk etməkdə çətinlikləri var. Biz bunu Mingəçevir teatrında da hiss edirdik. Amma Moskva Ali Teatr İnstitutunun məzunu olan gəncin rejissor kimi teatra gəlişi vəziyyət dəyişdi.

2022-ci il may ayının 14-də Mingəçevir Dövlət Dram Teatrında bir teatr  təntənəsi yaşandı. Belə ki, “Otello”nun motivləri əsasında hazırlanan “Yad” tamaşası bütün sterotipləri sındırdı. Əsərə quruluş verən Vüsal Mehrəliyev (qısa müddətdə 3 tamaşa və bir neçə kompozisiya hazırlayıb)  yeni tamaşasını teatrsevərlərə versiya janrında təqdim etdi.

“Bu, Şekspirin yox, mənim yozumumdur, mənim versiyamdır. Hər şey belə də ola bilər”, rejissor deyir.

Hadisələr tamaşa boyu bir məkanda cərəyan edir və rejissor bu məkandan çox böyük məharətlə istifadə edə bilib. Və tamaşaçı hadisələri bir məkanda  izləməkdən yorulmur, əksinə zövq alır. Çünki bu məkanda aktyorlara verilən mizanlar da yerindədir, şərtiliklərlə zəngindir. Bu, tamaşanın dinamikliyini daha da artırıb.

Ümumiyyətlə, əksər novator rejissorlar səhnə şərtiliklərindən məharətlə istifadə edə bilirlər. Bu mənada “Yad” versiyasında ştangentdən asılan ağ pərdələr maraq doğurur. Yuxarı ağ pərdə alidir, cənnətdir, Şekspir dünyasıdır. Ora əksər personajlar yüksələ bilməz. Digər ağ pərdə bizim yaşadığımız dünyadır. Ağ pərdələr göydən gəlir, cənnətdir, haqq dünyasıdır. Yaqonun tez-tez girib çıxdığı zirzəmi isə qaranlıq dünyadır, əsl cəhənnəmdir.

Bu tamaşada rol alan aktyorlar bir neçə il əvvəl teatrda yaradılmış studiyanın yetirmələridir. Onları qürurla təqdim etmək istəyirəm: Paşa Salmanov (Venesiya Hersoqu), Elvin Əkbərli (Prabansio), Amil Fərzəliyev (Senator), Asim Əmirov (Otello), Afiq Yusifov (Kassio), Hüseyn Mustafayev (Yaqo), Eyvaz Əliyev (Rodriqo), Turqut Məsimli (Montanno), Vəfa İsmayılova (Emilya), Vüsalə Quliyeva (Dezdemona), Ceyhun  Əhmədov (Biyanka). Bu gənclər ciddi bir tamaşada peşəkar aktyorların illərlə edə bilmədiklərini edə bildilər, çox məharətli oyunları ilə yadda qaldılar.

Səhnənin tərtibatın da çox maraqlıdır. Quruluşçu rəssam Pakizə Adilbəyli rejissor deyimini başa düşə bilib. Tərtibat rejissorun fikirləri ilə üst-üstə düşüb. Bu, gənc rəssamın səhnədə ilk böyük işidir. Təbii ki, rəssama da rejissorun böyük köməyi olub. Tamaşanın musiqi tərtibatçıları Elnur Rəsulov və  Gülcahan xanım, rejissor köməkçisi Məlahət Ağayeva da üzərlərinə düşən çətin işin öhdəsindən məharətlə gəliblər.

Yeri gəlmişkən, teatra yeni direktor təyin olunan Anar Quliyev düzgün repertuar seçilməsini, repertuarda müasir əsərlərlə bərabər klassikaya yer  verilməsinin tərəfdarıdır. Onun fikrincə, gənclərə klassikanı öyrətmək və sevdirmək lazımdır. Bu baxımdan “Yad” tamaşasının yarım əsrdən çox yaşı olan bir dövlət teatrında səhnəyə qoyulmasının xüsusi əhəmiyyəti var. Çünki bu teatrda Vilyam Şekspirə ilk dəfə müraciət olunub və ilk cəhd də uğurlu alınıb.

Etiraf edək ki, son illər ərzində Mingəçevir səhnəsində bu qədər hərarət və alqışla qarşılanan tamaşa olmayıb. Söhbət hərarətdən, alqışlardan gedirsə, deməli tamaşa yüksək səviyyədə  alınıb. İndi qürurla deyə bilərik ki, dünyanı lərzəyə salan Şekspirin “Otellosu” Mingəçevir səhnəsindədir.

Şərhlər bağlıdır.