Xocalılar bu il Xocalıya qayıdacaqlarına inanırlar
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Mingəçevir şəhərində silsilə tədbirlər keçirilib. İcra strukturlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidlərin xatirə abidə kompleksi önünə tər gül dəstələri düzüblər. Axın-axın xiyabana üz tutan mingəçevirlilər faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Mingəçevirdə məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xalqımızın qarşılaşdığı müsibətlərdən, erməni təcəvüzünün ağır sosial nəticələrindən, o vaxtki rəhbərliyin səriştəsizliyindən söz açıb. Bildirib ki, 23 il əvvəl təpədən dırnağa qədər ən müasir silahlarla yaraqlanmış rus və erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri qətliam insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir: “Qədim bir şəhərin məhvinə, minlərlə insanın ölümünə, şikəst olmasına səbəb olan bu dəhşətli faciə heç vaxt yaddan çıxarılmamalı, davamlı olaraq dünya ictimaiyyətinə çatdırılmaılıdır”.
Şəhər rəhbəri Xocalı qətlilamının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, şəhid ailələrinə, Qarabağ əlillərinə, qaçqın və məcburi köçkün soydaşlarımıza göstərilən dövlət qayğısından söz açıb.
Görüşdə Xocalı hadisələrinin şahidi olan Zahir Usubov, Baloğlan Allahyarov başlarına gələn faciədən kədər hissi ilə danışıblar. Çıxış edən xocalılar yerlə yeksan olunmuş şəhərlərinin növbəti faciə gününü qəhrəmanlıq tarixinə çevirəcəklərinə, Prezidentin yürütdüyü uğurlu siyasətə inanaraq, bu il torpaqları geri qaytaracaqlarına əminliklərini bildiriblər. Tədbirin sonunda Xocalı rayonundan olan ailələrə maddi yardım göstərilib.
Şəhər ictimaiyyətinin nümayəndələri məktəblilərin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə də baxıblar. Anım tədbirlərinə Mingəçevir Dövlət Dram Teatırında “Qara Yanvar” filminin nümayişi ilə yekun vurulub.
Şərhlər bağlıdır.