“Xocalı, səni unutmadıq”
Mingəçevirdəki 3 saylı məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı, səni unutmadıq” mövzusunda şagirdlərin hazırladığı ədəbi-kompozisiya keçirilib. Öncə tədbir iştirakçıları Xocalı soyqırımında şəhid olmuş və öldürülmüş günahsız, zavallı insanları bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru Kəmalə Tahirova Xocalı soyqırımı barədə ətraflı məlumat verib, bu faciəni bəşəri soyqırım kimi dəyərləndirib: “1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi bütün dünyada soyqırım kimi tanınacaq”.
Qarabağ və Əfqanstan müharibəsi veteranları da o müdhiş gecə barədə şagirdlərə danışıblar.
Şagirdlər Xocalı faciəsinə aid şeirlər söyləyib, kiçik səhnəciklərini nümayiş etdiriblər. Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.
Şərhlər bağlıdır.