Simsiz şəbəkə qurarkən edilən səhvlər irəlidə başınıza böyük dərdlər aça bilər. İnternet əlaqənizin birdən yavaşlaması, istəmədiyiniz insanların şəbəkənizə daxil olması, xüsusi məlumatlarınızın başqalarının əlinə keçməsi kimi mənfi hallar, əslində kabelsiz şəbəkə qurarkən etdiyiniz sadə səhvlərin ucbatından baş verir.
Bu səhvləri minimuma endirmək üçün aşağıdakı xəbərdarlıqlara diqqət yetirməlisiniz.
Modemi divar arxasına yerləşdirməyin
Bütün simsiz siqnallar qarşısına çıxan maneələr səbəbiylə zəifləyir. Wireless modemin, notebook və ya telefonun qəbul edib göndərdiyi siqnallar da gərək maneələrlə üzləşməsin. Əgər modeminiz başqa bir otaqdadırsa və ya yanında soba, metal bir əşya kimi mane meydana gətirəcək şeylər varsa, evinizin bəzi nöqtələrində simsiz şəbəkəyə bağlanmaqda böyük çətinlik çəkə bilərsiniz.
İstifadəçi təlimatını atmayın
Əgər irəlidə başınızın çox ağrımasını istəyirsinizsə, bir modem alıb qurduqdan sonra istifadəçi təlimatını zibil qutusuna atın. Beləcə bir il sonra modemi sıfırlamaq məcburiyyətində qalsanız fabrik nizamlı şifrəni tapa bilməyib modemin istifadəçi bölməsinə daxil ola bilməyəcəksiniz. Və əlbəttə ki, bir müddət internetsiz qalarsınız.
Ad verməyi unutmayın
Atalarımız boşuna deməyib ki, adsız dəyirmanda xoruz olur. Odur ki, əgər şəbəkənizə xüsusi bir ad verməsəniz, öz kabelsiz şəbəkənizi tapmanız olduqca uzun zaman ala bilər. Çünki Sizin kimi digərləri də ad verməyi unutmuş ola bilər. Və belədə adsız şəbəkələrdən Sizə aid olanı tapmağınız xeyli çətinləşə bilər.
Modem şifrəsini dəyişdirin
Modeminizi qurarkən, modemin idarəçi şifrəsini dəyişdirməmək böyük bir səhvdir. Çünki wi-fi şəbəkəsinə şifrə qoymaqla iş bitmir. İndiki zamanda möftəxorların çox olduğunu unutmayın. Əgər modemin daxili interfeysinin şifrəsini dəyişdirməsəniz o zaman belə mərdiməzarlar çox rahatlıqla modemin standart istifadəçi adı və şifrəsi olan admin-admin yazıb modemə daxil olar və öz internetinizə Sizin özünüzü həsrət qoya bilər.
Wi-Fi şəbəkəsinə şifrə qoyun
Simsiz şəbəkəyə şifrə qoymamaq evin qapısını açıq qoymaq kimi bir şeydir. Ən böyük səhvlərin başında gələn də elə budur. Simsiz şəbəkənizə şifrə qoymadıqda çöldən birinin şəbəkəyə daxil olacağından əmin ola bilərsiniz. Sizin xəbəriniz belə olmadan qonşunuz şəbəkənizə bağlanıb çox asanlıqla internetinizdən havayı istifadə edəcək.
Düzgün şifrələmə üsulunu seçin
Wi-Fi şəbəkəsinə şifrə qoymaq əhəmiyyətli olduğu qədər hansı şifrə protokolunu seçdiyiniz də önəmlidir. WEP şifrələməsi əslində kafi kimi görünsə də, bir hacker hücumu qarşısında şifrə asanlıqla qırıla bilər. WPA2-AES şifrələməsi isə daha yüksək təhlükəsizlik dərəcəsini təmin edir.
Standartları qarışdırmayın
Şəbəkədə köhnə və yeni standartlara sahib modem və Routerləri qarışdıraraq istifadə etsəniz, əhəmiyyətli bir performans problemi yaşayarsınız. Əslində ən yeni 802.11ac standartı bütün köhnə standartlarla uyğundur, ancaq ona köhnə bir router bağlasanız, əlaqə sürətiniz o köhnə Router’ın standartına düşəcək və yeni nəsil modeminizin xüsusiyyətlərindən istifadə edə bilməyəcəksiniz.
Təhlükəsizlik divarına laqeyd yanaşmayın
Təhlükəsizlik divarı modeminizin əhəmiyyətli bir parçasıdır. Ümumiyyətlə quraşdırma zamanı standart olaraq açıq halda gələn təhlükəsizlik divarını bağlamaq kənardan gələcək hücumlara qarşı müdafiəsiz qalmanız mənasını verir. Eyni zamanda, bəzi tətbiqlərin təhlükəsizlik divarını birbaşa keçərək internetə və ya kompüterinizə çatması halları baş verə bilər.
Yanlış konfiqurasiya məlumatlarını daxil etməyin
Modem dünyanı ədədlərlə tanıyar, ona IP ünvanı və digər konfiqurasiya məlumatlarını düzgün daxil etmək lazımdır. Əks halda Siz modemə, modeminiz də Sizə baxacaq və internetiniz olmayacaq. Konfiqurasiya zamanı bu məlumatları diqqətlə araşdırın və ən əsası da Sizə xidmət göstərən internet provayderindən dəqiqləşdirin. Yaxşı olar ki, bu konfiqurasiya məlumatlarını hər ehtimala qarşı bir yerdə qeyd edəsiniz, modem sıfırlananda əlinizin altında olsun deyə.
Firmware yeniləmələrinə laqeyd yanaşmayın
Modeminizin istehsalçısı zamanla yeniləmələr edir və inkişaf edən texnologiyanın köhnə modemlərlə də uyğun olmasını təmin edir. Əgər bu yeniləmələri yükləyib tətbiq etməsəniz, bir müddət sonra əlaqənizdə sürət azalması və ya tez-tez qopmalar yaşaya bilərsiniz.
Şərhlər bağlıdır.