Vyana görüşündə cənab prezidentimiz İlham Əliyev ilk növbədə, Azərbaycan dövlətinin və xalqının prinsipial, qətiyyətli, ədalətli və obyektiv mövqeyini bir daha təsdiq etdi.
Birincisi, işğalçı Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionundan və digər rayonlarından ordularını çıxarmalıdır, ondan sonra digər proseslər – humanitar və s. başlaya bilər.
İkincisi, hərbi təcavüz nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsində qəbul edilmiş format dəyişdirilə bilməz.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, professor, politoloq Musa Qasımlı deyib.
Onun sözlərinə görə, formatın dəyişdirilməsi Ermənistanın məsuliyyəti öz boyunundan atmaq, işğalı uzatmaq və qondarma rejimə legitimlik qazandırmaq məqsədi güdür.
“Belə cəhdlərin Ermənistan üçün fəlakətli nəticələri olar.
Hərbi əməliyyatlar başlayarsa, Azərbaycan tərəfindən Ermənistan qısa müddətdə əzilər və ayaqlar altına atılar.
Ən azı, məşhur aprel döyüşlərinin nəticələri bunu artıq göstərib. Nəzərdən qaçırmayaq ki, ordumuz indi o vaxtkından daha güclüdür.
Azərbaycan orudusundakı və cəmiyyətindəki mövcud mənəvi-psixoloji ruh da Ermənistandakından qat-qat üstündür.
Üçüncüsü, Ermənistan diplomatiya və intellektuallıq baxımından da Azərbaycandan qat-qat geri qalır.
BMT-nin və digər beynəlxalq təşkilatların sənədləri Azərbaycan dövlətinin mövqeyini möhkəmləndirir. Belə bir şəraitdə cəbhədə hər hansı əməliyyatların başlanması Nikol Paşinyan hakimiyyətinin sonu olar.
Ona görə də Ermənistan rəhbərliyi müharibədən qorxur, sülhdən dəm vurur və danışıqlara tərəfdar olur.
Bununla da manevr edir, özünün havadarı və ya havadarlarının vasitəsi ilə işğal nəticəsində zorla yaradılmış rejimi və status-kvonu saxlamağa, danışıqlar prosesini uzatmağa cəhdlər edir.
Belə vəziyyət isə uzun müddət davam edə bilməz. Çünki Azərbaycan heç bir zaman ərazilərinin işğalı faktı ilə barışmayacaq və necə olursa-olsun onu azad edəcək.
Seçim Ermənistanındır. Hansı yol ona sərfəlidir: işğal edilmiş əraziləri dinc yola boşaltmaq, yoxsa vurulub çıxarılmaq?
Vyana görüşündə cənab prezidentimizin mövqeyi Minsk qrupu həmsədrlərinə də açıq işarə oldu: ikili standartlardan əl çəkin, mandatınızı yerinə yetirin və münaqişəsinin dinc yolla həllinə real nəticələr verəcək səylər edin.
Bu görüş bir daha göstərdi ki, Azərbaycan dövləti özünün prinsipial, ədalətli və obyektiv mövqeyindən imtina etməyəcək”, – deyə millət vəkili sözlərinə əlavə edib.
K. HƏMZƏOĞLU
Источник: oxu.az
Şərhlər bağlıdır.