Vətən üçün oğul böyüdənlər Mingəçevir Turizm Kollecində
Mingəçevir Turizm Kollecinin kollektivi şəhid valideynləri və İkinci Qarabağ müharibəsi qaziləri ilə birgə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən, erməni işğalçıları ilə döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, onların məzarları üzərinə tər qərənfillər düzüblər.
Bundan sonra mərasim kollecin akt zalında davam edib. Dövlət Himnimizin ifasından və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədova söz verilib. O, bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi: “Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyata, güclü orduya malik olması, ən əsası xalqımızın ölkə başçısının ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Cənab Prezidentimizin bəyan etdiyi kimi, biz işğaldan azad etdiyimiz rayonları cənnətə çevirəcəyik. Həmin bölgələr ölkəmizin ən gözəl və səfalı, sosial-iqtisadi cəhətdən inkişaf edən və ən çox ziyarət edilən ərazilərə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız doğma yurdunda xoşbəxt, firəvan yaşayacaq”.
Vətən müharibəsinin qısa salnaməsini əks etdirən video-çarxın nümayişindən sonra çıxış edən tarix müəllim Eldar Dərişov deyib ki, 2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusunun Ali Baş Komandan İlham Əliyevin “irəli” əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi: “Böyük Zəfərimiz Ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və müzəffər Ali Baş Komandan arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər əzmkar Prezidentimiz, Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu”.
Kollecin ədəbiyyat müəllimi Aybəniz Əliyeva vurğulayıb ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Onun sözlərinə görə, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.
Daha sonra Vətən yolunda iki oğlunu şəhid verən Nəhayət ana oğulları barədə xatirələrini bölüşüb: “Oğullarım oxumuş, təhsilli idilər. Hər ikisi Mingəçevir Turizm kollecinin məzunu olublar. Mən vətən üçün oğul böyütmüşdüm. Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz vətən üçün yaranmışıq”.
Mingəçevir Turizm Kollecinin məzunu, şəhid Fuad Xankişiyev barədə anası Saqibət xanımın, Aprel döyüşləri zamanı şəhid olan Rüstəm Əhmədov haqda atası Oruc kişinin fikirləri də zala toplaşanlar üçün əzm və fədakarlıq məktəbinin ən gözəl mühazirəsi hesab oluna bilərdi.
Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa şəhərlərinin işğaldan azad olunmasına görə medallarla təltif olunmuş Namiq İbrahimli və Pərviz Məmmədov müharibə ilə bağlı düşüncələrini dilə gətiriblər. Onlar qələbəyə xalqın birliyi və həmrəyliyi sayəsində nail olduğumuzdan, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Kollecin idman müəllimi, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Suqovuşanın azad olunması medalı ilə təltif edilmiş Muraz Məmmədov döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü kimi ona verilən tapşırıqları böyük həvəs və qürurla yerinə yetirdiyini, Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəfini məğrurla qoruduğunu bildirib.
Mərasimə yekun vuran kollecin direktoru Kamal Əhmədov şəhid ailələri ilə tələbə gənclərin davamlı görüşlərinin keçiriləcəyi, şəhidlərimizin qəhrəmanlıq dastanlarının daim təbliğ ediləcəyini vurğulayıb.
Şərhlər bağlıdır.