Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vətən Müharibəsi Qəhrəmanı mingəçevirlilərlə görüşdü

44 gün davam edən 2-ci Qarabağ müharibəsində Azərbaycanın bütün bölgələrindən, o cümlədən Mingəçevirdən yüzlərlə gənc könüllü Milli Ordu sıralarında qəhrəmanlıqla döyüşüb. Onların arasında mayor rütbəli hərbçi Elnur Ramiz oğlu Şirinov da var.  O, Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Elnur Şirinov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub.  13 saylı tam orta məktəbi bitirdikdən sonra Hərbi Akademiyaya daxil olub. Sonra Naxçıvanda xüsusi təyinatlı hərbi dəstədə xidmət edib. Vətən müharibəsi başlayandan ön cəbhədə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qoşulub.  O, Cəbrayıldan Şuşa şəhərinin  azad edilməsinədək bütün döyüşlərdə fədakarlıq göstərib. Dekabrın 10-da isə Bakıda keçirilən Hərbi paradda iştirak edib.

Şəhərimizə qısa müddətli məzuniyyətə gələn qəhrəman döyüşçünü mingəçevirlilər böyük coşqu ilə qarşılayıblar. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Vətən Müharibəsi qəhrəmanını salamlayıb, Vətənin ali mükafatına layiq görülməsi münasibətilə təbrik edib.

Elnur Şirinov şəhər ictimaiyyəti nümayəndələri ilə birgə ulu öndərin abidəsini və şəhidlərin məzarlarını ziyarət edib. O, Şəhidlər Xiyabanına gələn şəhər sakinləri qarşısında müharibə təəssüratlarını bölüşüb. Vətən Müharibəsi Qəhrəmanımız 20 Yanvar abidə kompleksinin önündə 1 saylı tam orta məktəb şagirdlərinin təqdim etdiyi kompozisiyaya tamaşa edib və və xatirə şəkilləri çəkdirib.

Şərhlər bağlıdır.