Cəmiyyət

VƏFASIZ YÜSİFİM, MƏLƏK YÜSİFİM

İki il altı ay ürəyimizin, ruhumuzun,ömür-günümüzün qonağı oldu.

Yusifim, qardaşımın ciyərparası mələk kimi uçub getdi, ay ellər. Ata-anamın, qardaşlarımın, Sunayımın, Gülərimin Yusifini üç gündür yer-göy də ağlayır. İki il altı ay ürəyimizin, ruhumuzun,ömür-günümüzün qonağı oldu.

Heç bilirsinizmi, körpə ölümü  nədir? Bilməyin, aman Allah. Fələk balamı qəfil yaxaladı. Bir göz qırpımında. Lənətə gəlsin, LEYKOZU. Ötən il ürəyimə yara vurmuşdu. Uşaqlıq dostum, can yoldaşım, qardaşım Vahidi almışdı  məndən. Hələ onun anasının üzünə çıxa bilməmişəm.Tanrıya yalvarıram ki,  qabağıma çıxmasın. Nə deyəcəm ki,  Gülnaz xalaya, soruşsa ki, hanı Vahid?

Heç  vaxt gördüyüm yuxular çin çıxmayıb. Kaş o gecə yatmayaydım, barmağımı kəsərdim, duz basardım yerinə.Təki o müdhiş röyanı görməyəydim. Sonra da yaşamayaydım. Qardaşım bir yana düşdü, fələk bir yana. Vermək istəmədi Yusifimizi.Amma kimin gücü çatıb ki əzrayıla? Əlacımız qalmayanda anası qulağına pıçıldadı: “SƏNİ MƏLƏKLƏRƏ ƏMANƏT EDİRƏM,YUSİF”.

Ürəyimin ağladığı, ruhumun donduğu, kədərə əsir düşdüyüm o gün ağlar gözlərimlə, yetim ruhumla bilirsiniz  nəyin şahidi oldum? Söyləyim agah  olun. Yusifim göylərə uçan gün həyətimizdəki qızılgüllər də boynunu bükdü, əydi, soldu. Balaca kişinin babasıgilin həyətindəki murad atı qeybə çəkildi. Sanki heç yoxmuş.

İndi Yusifimizin şirin uşaq ləhcəsi ilə körpə bacısı Melisaya tez-tez söylədiyi sözlərdi təsəllimiz: “Zayuyun qızı, donu qıymızı, haydan gəliysən, a kopaq qızı…”

Səni doya-doya sevə bilmədim, oxşamadım, gözəl balam. Nə qədər ömrüm var, ürəyim sənin üçün ağlayacaq, talesiz Yüsifim. Gözlərim hər yerdə səni axtaracaq. O pak nəfəsini alışan ciyərlərimə  acgözlüklə çəkim deyə, o gühahsız gözlərindən doyunca öpüm deyə. Sən məni elə yaraladın ki…

Üsyan etmirəm, asi düşmürəm. Atalara, analara yalvarıram.  Körpələrinizi sevin, qoruyun. Onlar üçün yaşayın.

UCA TANRI BALALARI QORUSUN!

Samir ZƏNGƏZURLU    

Daha çox

Oxşar yazılar

Close