Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şura sədri: “Şəhərdə qaz xətlərinin çəkilişi vəziyyətini sentyabr ayının sonunda KOBİA ilə birgə müzakirəyə çıxartmaq planlaşdırılır”

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura ictimaishura.az səhifəsinə inteqrasiya olunacaq

214

 

Mingəçevir Media Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əvvəlcədən elan olunmuş gündəlik üzrə 3 məsələ müzakirə olunub: oktyabr-dekabr ayları üzrə şuranın Fəaliyyət Planı və loqosunun müzakirəsi, ictimaishura.az səhifəsi ilə tanışlıq.

Şura sədrinin təklifi ilə  gündəlikdəki mövzuların müzakirəsinə başlamazdan öncə son günlər Ermənistanın təxribatları nəticəsində həlak olan cəsur övladlarımızın və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra Fərman Nəbiyev bildirib ki, şəhərdə qaz xətlərinin çəkilişi vəziyyətini sentyabr ayının sonunda KOBİA ilə birgə müzakirəyə çıxartmaq planlaşdırılır: “Bir neçə gün əvvəl KOBİA-nın və “Azəriqaz” İctehsalat Birliyinin nümayəndələri ilə görüşdüm. Biz üçlükdə qərar verdik ki, son vaxtlar şəhərdə baş verən qaz partlayışlarının səbəblərini aidiyyatı qurumların, məsul şəxslərin iştirakı ilə araşdıraq”.

Şura sədri deyib ki, Sahil Parkında qanunsuz sahibkarlığın qarşısı alınsa da, bu iş tam başa çatdırılmayıb: “Adamlar deyirlər ki, mövsüm bitdiyi üçün mövcud fəaliyyətlər dayandırılıb, amma narahatlıq yaradan qurğuların bir hissəsi  ərazidən aparılmayıb.  Başqa ciddi məsələlər tüstü borularının təmizlənməsi, mərkəzləşdirilmiş istilik sisteminin bərpası ilə bağlıdır. Mən İcra Hakimiyyəti başçısının səyyar görüşlərini izləyirəm,  vətəndaşlar bunları mütəmadi olaraq qaldırır. Eyni zamanda Mingəçevirdə sahibsiz itlərin zərərsizləşdirilməsi istiqamətində də tədbirlər yetərli deyil. Neçə ildir ki, həmin itlər üçün xüsusi sığınacaqların qurulmasından danışılır. Nəzərə alaq ki. artıq dərslər başlayıb, gün gödəlib, səhər və axşam saatlarında məktəbli uşaqlar, hətta böyüklər də xəstəlik yayan  itlərin hücumundan sığortalanmayıb. Park və xiyabanlarda xamutsuz gəzdirilən ev itlərinin sahiblərinə də xəbərdarləq olunmalıdır”.

Şura üzvü Əbülfət Babayev deyib ki, yerli hökumət şəhid və qazı ailələrinə diqqəti artırmalıdır: “İcra hakimiyyətində müvafiq şöbə var, cəmiyyətə hesabat versin ki, mövcud kateqoriyadan olan insanlarla nə iş görür”.

Şura üzvü Rizvan Mikayıllı diqqətə çatdırıb ki, şəhər İcra Hakimiyyətinin gücü ilə  köhnə su xəttinin bərpası park və xiyabanları, məhəllələrin suvarmaq imkanı yaradıb, amma bu xətt həyət evləri və şəxsi bağları əhatə etməyib: “Əhali “Azərsu”dan içmək məqsədi ilə aldığı su ilə ağaclarını, təsərrüfatını suvarmağa məcburdur. Bu su isə çox bahadır, həm də tərkibində xlor olduğu üçün ağacı qurudur”.

Şura sədriniun müavinu Vaqif Həsənov “Azərişıq” ASC-nin sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz  müdaxilələr yaratdığını vurğulayıb: ”Profilaktika və təmir adı ilə transformator şəbəkədən açılır, nəzərdə tutulan məbləğ vaxtında ödənsə belə  iş yerlərini bir neçə gün işıqsız qoymaqla sanki bizim əsəblərimizlə oynayırlar. Mən bu haqda İcra Hakimiyyətinin başçısına da demişəm. Təbii ki, sahibkarların da kəm-kəsiri, günahı var. Məsələn, mağazaya girirsən, piştaxtadan malı götürüb, kassaya gələndə fərqli qiymətin şahidi olursan”.

Şura üzvü Yeganə Nəbiyeva diqqətə çatdırıb ki, xidmət obyektlərində, xüsusən ticarət və iaşə şəbəkələrində işçilərin iş rejimini araşdırmağa ehtiyac var: “Əksəriyyəti qadınlar təşkil edən həmin müəssisələrdə işçilərin normadan atıq işlədilməsinə yol verilir.  Minimum əmək haqqı müqabilində səhər 8-dən axşam 8-ə, 10-ə qədər piştaxta arxasında dayanan xanımlarımızın istirahəti və sağlamlığı barədə düşünmək lazımdır”.

Bundan sonra Y.Nəbiyeva loqo üçün təklif etdiyi variantları təqdim edib. Eyni zamanda ictimaishura.az səhifəsi ilə tanışlıqdan sonra Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın da səhifəyə inteqrasiyası ilə  bağlı aidiyyatı komissiyaya tapşırıqlar verilib.

İclasda hər 3 məsələ ilə bağlı qərar qəbul edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.