Uşaqların fövqəladə hallara hazır olması valideyn məsuliyyətidir
Məlumdur ki, hər zaman hər yerdə hər birimiz təhlükəli bir vəziyyətlə qarşılaşa bilərik. Müstəqil qərar qəbul etmək və ya özünü müdafiə etmək qabiliyyəti hələ tam formalaşmayan uşaqların belə təhlükələrlə rastlaşa biləcəyi ehtimalı valideynləri həmişə narahat edir. Bu səbəbdən kiçik yaşlardan belə uşaqları bəzi elementar təhlükəsizlik qaydaları barədə məlumatlandırmaq lazımdır.
Təhlükəli vəziyyətlərdən biri uşağınızın küçədə nəzarətsiz qaldığı hallarda baş verə bilər. İlk növbədə uşaqlara izah etmək lazımdır ki, küçədə, insanlar arasında olarkən valideynlərdən bir addım belə aralanmaq olmaz. Uşaqlarda hər xırda şeyə böyük maraq olduğundan onlar özləri də bilmədən təhlükənin üzərinə belə yeriyə bilərlər. Bu səbəbdən valideynlər, uşaqlara cavabdeh olan şəxslər gözlərini kiçik yaşlı uşaqların üzərindən çəkməməlidirlər. Həmçinin uşaqlarınıza tanımadığı insanlarla danışmamağı və onlardan hər hansı bir hədiyyə qəbul etməməyi tapşırın.
Bundan əlavə, evdən çıxarkən bir-birinizi itirmə halı yaranacağı vəziyyətdə qabaqcadan görüşə biləcəyiniz bir yer təyin edin. Bunu tez-tez təkrarlamaqdan çəkinməyin. Həmçinin kiçik yaşlı uşaqların paltarında ünvan və telefon nömrəsi barədə qeyd qoymaq da məsləhət görülür.
Uşaqlara küçədə yiyəsiz heyvanlardan, bəzən isə ev heyvanlarından gələ bilən təhlükə barədə də bildirin. Onlara heyvanları qıcıqlandırmağa, həmçinin onları sığallamağa və ya qucaqlarına götürməyə icazə verməyin. Qəzəbli itlərin yanından keçərkən isə sakit halda, qaçmadan, arxaya dönmədən və kəskin hərəkətlər etmədən getməyi məsləhət edin. İndiki zamanda uşaqların gigiyena tərbiyəsinə də xüsusi fikir verilməlidir. Belə ki,uşaqlar evə gəldikdə mütləq əl-üzlərini sabunla yumalıdırlar. Övladımızın sağlam böyüməsi şəxsi gigiyena qaydalarına riayət etməsi ilə sıx bağlıdır.
Uşaqlara izah edin ki, avtomobillər nə dərəcədə təhlükəli ola bilər. Uşaqlara işıqforun nə üçün lazım olduğunu, yolu necə və hansı zamanda keçməli olduğunu izah edin. Küçədə uşaqlarınıza oyun oynamağa icazə verməyin. Bundan əlavə, uşaqlara izah edin ki, hətta avtomobil hərəkətsiz halda olsa belə, onun ətrafında qaçmaq, altına girmək və ya arxasında gizlənmək olmaz.
Uşaqları həyətə buraxarkən onlara digər təhlükə mənbələri olan çuxurlar, çalalar, zirzəmi və tikinti sahələri barədə də danışmağı unutmayın. Onların nə dərəcədə təhlükəli olduğunu uşaqlara izah edin. Xüsusən də, lyuklar üzərinə ayaq basmamağı tapşırın, belə ki, onlar açıq ola bilər və uşaqların yıxılmasına gətirib çıxarar.
Uşaqların qayğısına qalmaq hər bir valideynin borcu və vəzifəsidir. Hər zaman onların yanında ola bilmədiyimizə görə, ən yaxşısı odur ki, onları qarşılaşa biləcəyi təhlükələr barədə məlumatlandıraq və lazımi məsləhətlər verək.
Aran Regional Mərkəzinin Maarifləndirmə sektoru
Şərhlər bağlıdır.