Uşaqlar səmaya sülh rəmzi olan göyərçinlər uçurublar
Bərdə rayonunda 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü qeyd olunub
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib. Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər, Mingəçevir və Yevlaxdan olan mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə sərgi nümayiş olunub.
Regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Vəsilə xanım bildirib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilir”.
Tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Sonda uşaqlar da iştirakı ilə səmaya sülh rəmzi olan göyərçinlər uçurublar.
Şərhlər bağlıdır.