Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Universitetin gənc əməkdaşları Almaniyanın Siegen Universitetində beynəlxalq seminarda

357

2022-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizli Almaniyanın Siegen Universitetində “Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq” mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq seminarda çıxış ediblər. Seminar Siegen Universitetinin qonaq professoru, iqtisad elmləri doktoru Müslüm İbrahimov tərəfindən keçirilib.
Seminar zamanı iştirakçılar beynəlxalq startap ideyaları ilə tanış ola biliblər. E.Muradzadə və N.Əzizli optimal infrastrukturun olmadığı şəraitdə sensor əsaslı monitorinq vasitəsilə qidanın səmərəli daşınmasının innovativ həllini nəzərdə tutan “IOTIC” layihəsinin konsepsiyasını təqdim ediblər.
Diqqətə çatdırılıb ki, hər iki əməkdaş MDU və Siegen Universiteti arasında reallaşdırılan “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” adlı birgə layihə çərçivəsində təlimlərdə iştirak ediblər. Təlimlər sahibkarlıq, biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edib. Təlimləri uğurla başa vuran universitetin hər iki gənc əməkdaşı ötən ilin 27-28 noyabr tarixlərində keçirilən Bakı Qida Hakatonunun qalibi olublar.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərin innovativ ideyalarının dəstəklənməsi və startap fəaliyyətlərinin təşviq edilməsi diqqət mərkəzində saxlanılır.

Şərhlər bağlıdır.