Səhiyyə

Qanını ver, başqasını xilas elə

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına mingəçevirlilər də qoşulub

“Mingəçevir işıqları” xəbər verir ki, irsi və qan xəstəliyi olan insanlara kömək məqsədilə aprelin 22-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və aparatın digər işçiləri, eləcə də şəhər bələdiyyəsinin, YAP Mingəçevir şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri qan veriblər. Regional Qan Mərkəzindən dəvət olunmuş həkim briqadası kampaniyaya qoşulanları müayinə etdikdən sonra qanvermə aksiyası baş tutub.

Mərkəzi  Qan Bankının son 10 ildə 13 işçisi ilə fəaliyyət göstərən  Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva bildirib ki, aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub: “Azərbaycanda 1500-ə yaxın irsi qan xəstəliyindən əziyyət çəkən xəstə var. Eyni zamanda, cərrahi müdaxilələr və digər əməliyyatlar zamanı da vətəndaşlara qan lazım olur”.

Müsahibimizin sözlərinə görə, koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunduğundan qan banklarında qan azlığı yaranıb: “Qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara, eyni zamanda  qan ehtiyacı olan digər insanlara yardım etmək, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyır. Hər zaman olduğu kimi, yenə də çətin günlərdə həmrəylik və birliyin şahidi oluruq. Həm də qan vermək insanların özlərinin də sağlamlığı üçün faydalıdır”.

Qeyd edək ki, 2005-ci ildən Heydər Əliyev Fondu “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.

Daha çox

Oxşar yazılar

Close