Martın 7-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru Vüsal Məmmədov Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili” elan etdiyini və Azərbaycanın hər yerində silsilə tədbirlər keçirildiyini xatırladıb. O, ulu öndərin Azərbaycan tarixində görkəmli yer tutduğunu, xalqı və vətəninin gələcəyi uğrunda durmadan çalışdığını deyib: “Yeni təmirdən çıxmış məktəbimizin akt zalında elə birinci tədbirimizi də ümummilli liderin 100 illiyinə həsr etdik”.
Tədbiri dahi Üzeyirin “Koroğlu Uvertürası” ilə açan məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə (bədii rəhbər və dirijor Elşən Bağırov) səs sinfinin müəllimləri Zülfiyyə Hacıyeva, İsa Müseyibov və Turanə Məmmədova şən mahnılar ifa ediblər. Diqqət Sadıqovun rəhbərliyi altında “Qaytağı” ritm qrupu, Ramil İsgəndərovun klarnetdə ifası isə xüsusi coşqu ilə qarşılanıb. Müəllim və şagirdlərinin ifasında əsərlər səslənib, “Ulu öndər” adlı şeir kampozisiyası və rəqs təqdim olunub.
Şərhlər bağlıdır.