Cəmiyyət

Tural Kərimov: “Ordumuzun peşəkar və yüksək səviyyədə döyüş hazırlığı və qələbəyə olan inamı Bizi Zəfərə apardı”

Zəfərin 100 günü münasibətilə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru ilə müsahibə

-44 günlük Zəfər yürüşümüzdə gənclərimizin rolunu necə qiymətləndirirsiniz?

–  Sizin də bildiyiniz kimi Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən biri məhz gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsidir. Bütün sahələrdə Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin azərbaycançılıq ideologiyasına sadiq olması, milli maraqlar ətrafında sıx birləşməsi, vətənpərvərlik hislərinin yüksəldilməsi istiqamətində işlərə xüsusi diqqət ayırır. 44 günlük Zəfər yürüşümüzdə gənclərimizin Cənab Ali Baş Komandanın ətrafında sıx birləşərək haqlı mübarizəyə başlaması 30 ilə yaxındır ki, Vətənimizin işğal altında olan hər qarış torpağını düşməndən təmizləməsi bu gerçəkliyin bariz nümunəsidir. Şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı gənclərimizin bir qismi könüllü şəkildə ön cəbhədə Müzəffər Ordumuzla yeni tariximizin yazılmasında yaxından iştirak etdi, gənclərimizin digər qismi isə arxa cəbhədə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində düşmənə layiqli cavab verdilər. Gənclərin informasiya müharibəsində çox fəal olması və düşmənə adekvat cavab verməsi xüsusi bilik, bacarıq və düzgün analiz bacarığı tələb edir. Mən gənclərimizlə qürur duyuram, əminəm ki, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan Azərbaycan gənci bu aktivliyini qoruyub saxlayacaq.

-Azərbaycan Ordusunun 30 ilə yaxındır ki, davam edən işğala son qoyması, əldə etdiyi qələbə dünyaya hansı mesajı verdi?

– 44 günlük Şanlı Zəfər yürüşümüz bütün dünyaya Azərbaycan Ordusunun qüdrətini, xalqımızın birlik və həmrəyliyinin gücünü, iradəmizin sarsılmazlığını göstərdi. Prezident İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi elə bir gün, elə bir an olmadı ki, biz geri addım ataq. Ordumuzun peşəkar və yüksək səviyyədə döyüş hazırlığı və qələbəyə olan inamı Bizi Zəfərə apardı. Haqlı mübarizədə Azərbaycan qalib və məğlubedilməz xalq kimi özünü təsdiqlədi, istənilən zaman düşməni diz çökdürməyə qadir olduğunu nümayiş etdirdi.

Bu gün Mingəçevir Gənclər Evi II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi və qazilərimizin tanıdılması məqsədilə nə kimi işlər görür?

– Bu gün biz Mingəçevir Gənclər Evi olaraq II Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan Qəhrəmanlarımızın, döyüşlərdə xüsusi şücaət göstərən qazilərimizin, qəhrəmancasına mübarizə aparan Vətən müharibəsi iştirakçılarının tanıdılması məqsədilə “Zəfərə Gedən Yol” adlı layihəyə start vermişik. Qeyd edim ki, layihə iki istiqamətdə həyata keçirilir: layihə çərçivəsində Şəhidlərimizin ailə üzvləri, yaxınları, qazi və müharibə iştirakçıları haqqında video çarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Layihənin ikinci istiqaməti çərçivəsində isə pandemiya şəraitinə uyğun olaraq Şəhidlərimizin ailə üzvləri, qazi, müharibə iştirakçıları və döyüşlər zamanı əsir düşdükdən sonra Vətənimizə qaytarılan qəhrəmanlarımızla onlayn görüşlər keçirilir. Həmçinin Şəhidlər Xiyabanı və Qəhrəmanlarımızın ailə üzvləri mütəmadi olaraq ziyarət olunur. Şəhidlərimizin tanıdılması məqsədilə onların ailə üzvlərindən alınan məlumatlar əsasında məqalələr hazırlanaraq gənclərlə paylaşılır. Bunlar təbii ki, görülən işlərin sadəcə bir qismidir, il ərzində və bundan sonra daimi olaraq gənclərimizin maarifləndirilməsi, Qəhrəmanlarımızın tanıdılması istiqamətində yeni fəaliyyətlər həyata keçirməyə davam edəcəyik.

Sonda bütövləşən Azərbaycan gənclərinə arzu və tövsiyələrinizi bilmək istərdik.

– Bütöv və vahid Azərbaycan gənclərinə yeni zəfərlər arzu edirəm. Əziz gənclər, qarşıda bizi yeni və daha məsuliyyətli işlər gözləyir. Gəlin, yorulmadan və dayanmadan yalnız irəli doğru birlikdə addımlayaq. Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında olduğu kimi bir və həmrəy şəkildə Qarabağımızı dirçəldək, sevinc və itirdiyi həyat eşqini ona qaytaraq, düşmənin izlərini əzəli və əbədi torpaqlarımızdan birlikdə silək.

Tag
Daha çox

Oxşar yazılar

Close