Cəmiyyət

“Tarixin müstəqillik nöqtəsi”

28 May Respublika Gününə həsr olunan forumda gəncləri tariximizi daha dərindən öyrənməyə çağırıblar

“Tarixin müstəqillik nöqtəsi” adlı forum “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə baş tutub. 28 May Respublika Gününə həsr olunan forumu Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev açıb, tədbir iştirakçılarına Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı məlumat verib.

Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli İstiqlaliyyət bəyannaməsindən, ilk demokratik hüquqi dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti və onu yaradanların cəsarətindən, mübarizə əzmindən danışıb.

Mingəçevir Gənclər Evinin əməkdaşı Humay Baxışova üçrəngli bayrağımızın məhz AXC dövründə başımız üstündən dalğalandırıldığını diqqətə çatdırıb. 23 ay kimi qısa bir zamanı əhatə edən müstəqilliyik dövrünün uğurları ilə yanaşı çatışmazlıqlarından da danışan H.Baxışova deyib ki, müstəqilliyi qazanmaq kimi qorumaq  da çox vacibdir və bu baxımdan hazırkı müstəqilliyimiz möhkəm təməllər üzərində qurulub.

Mingəçevir Dövlət Universitetinin baş müəllimi İlham Məmmədov Cümhuriyyətin əldə olunmasının çətinlikləri və 23 ay davam edəm müstəqilliyimizin sona çatmasının səbəblərini izah edib. Gələcək dövlət quruculuğu üçün zəmin hazırlandığını və müstəqilliyimizin sonrakı mərhələsində dönüş nöqtəsi kimi əhəmiyyətini qeyd edən İ.Məmmədov gənclərə savadlı kadr kimi ixtisaslaşmağı, müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda səylə çalışmağı tövsiyə edib. MDU-nun əməkdaşı Şəbnəm İslamova forumun uğurla keçdiyini vurğulayıb.

Forumu yekunlaşdıran Samrin Xanlayev gəncləri tariximizi daha dərindən öyrənməyə, hər bir tarixi hadisəni bütün gerçəklikləri ilə yeni nəslə və dünya ictimaiyyətinə çatdırmağa səsləyib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close