Tələbə qızlar xəbər yazmağı öyrənirlər
Dekabrın 21-də və 22-də Mingəçevir Media Mərkəzində layihə şərçivəsində baş tutan məşğələlər on qızın jurnalistikaya həvəsini artırıb. Onlar 2 gün ərzində xəbərin strukturu və materialın fokusu, alqoritmlər və mənbələr barədə ətraflı bilgilər əldə ediblər.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, təlimçi Fərman Nəbiyev deyir ki, Mingəçevir Dövlər Universitetində və Tibb Kollecində müəllim və tibb bacısı ixtisaslarında təhsil alan gənc xanımlar cəmi 3 məşğələdən sonra məlumat əldə etməyin və onu xəbərə çevirməyin yollarını öyrənməyə başlayıblar: “İlk məşğələdə təlimçi Yeganə Nəbiyeva onlara Dayanıqlı İnkişaf Məqsədlərini, “Heç kəs kənarda qalmamalıdır” prinsipinin mahiyyətini açıqlayıb. Biz isə çalışırıq ki, onlar auditoriyada maraq yaradacaq qısa xəbərləri az vaxt ərzində yaza bilsinlər”.
F.Nəbiyevin bildirdiyinə görə, təlim qaydaları izah etməklə bitmir, daha çox praktik vərdişlərə söykənir: “İlk dərsdə susub, danışmayan xanımlar da var idi, amma indi onlar ciddi sual verir, təqdim olunan nümunələrə kəskin münasibətlərini bildirir, üstəlik alternativ versiyalarını təqdim edirlər. Növbəti həftələrdə iştirakçılar qaralama mətni səliqəyə salacaq, sosial problemlərlə, xüsusən gender məsələləri ilə bağlı araşdırma aparacaq, nəhayət mi-news.az səhifəsinə öz istifadəçi profilləri ilə daxil olub yazılarını yerləşdirə biləcəklər”.
“Tələbə qızların xəbər dünyası” 6 həftəlik təlim proqramı Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihəsi üzrə DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondu ekspertlərinin icra etdiyi “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində gerçəkləşir.
Şərhlər bağlıdır.