Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə əlaqədar Mingəçevir Dövlət Universitetində seminar keçirib

Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun əməkdaşları tərəfindən Mingəçevir Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələr üçün ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirilib.

Seminarda Təhsil Nazirliyi TİPİİ-nun əməkdaşları baş mütəxəssislər Suqra Quliyeva, Muxtar Hacıyev və mütəxəssis Lalə Məmmədova, MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov, Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev, universitetin THİK sədri Rəşad Qurbanov, TGT-nın sədri Samrin Xanlayev iştirak ediblər.

Tədbirdə çıxış edən Suqra Quliyeva bildirib ki, seminarın keçirilməsində məqsəd ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Baş mütəxəssis qeyd edib ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

S.Quliyeva bildirib ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılır.

S.Quliyeva qeyd edib ki, işə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən təqdimat nümayiş etdirilib.

Sonda Suqra Quliyeva və Muxtar Hacıyev tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.

Şərhlər bağlıdır.