Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sorğuların yekunu: 60 ailənin 22 üzvü peşə öyrənmək istəyir

MVA İB-nın QHT Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi sorğular nəticəsində keçmiş köçkünlərin ailə vəziyyəti, qayıdışa münasibəti və məşğulluq ehtiyacları öyrənilib

İyun ayının ikinci ongünlüyündə Mingəçevirdə keçmiş məcburi köçkünlərin məskunlaşdıqları ərazilər üzrə 60 ailə arasında sorğular aparılıb. Sorğular nəticəsində həmin şəxslərin ailə vəziyyəti, qayıdışa münasibəti və məşğulluq ehtiyacları öyrənilib. Məlum olub ki, uzun illər ağır şəraitdə yaşayan soydaşlarımız (onların təxminən yarısı son 15-20 ildə  dövlətimiz tərəfindən inşa olunan müasir mənzillərə köçüblər) birmənalı şəkildə doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər. Hətta Qarabağda doğulmayan ailə üzvləri də.

Ailələrin qayıdışa hazırlanmasında peşə bacarıqlarına yiyələnmə çox vacibdir  və insanlar bundan sonrakı həyatlarını Qarabağda layiqli əməkləri ilə davam etdirə biləcəklər. Sorğular zamanı peşə öyrənməyə daha çox marağı və ehtiyacı olan ailələr müəyyənləşdirilib.  Bundan sonra, 10-11 nəfər 6 günlük psixoloji, hüquqi və iqtisadi mövzuda nəzəri, ardınca sahibkar müəssisələrində usta yanında 2 aylıq praktiki kurslara cəlb olunacaq. Yekunda benefisiarlara peşə sertifikatları veriləcək. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birlyinin (MVA İB) “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinin məqsədi də budur. 2024-cü il iyun ayının 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilən layihə sentyabrın sonunadək davam edəcək.

MVA İB-nin prezidenti və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, sorğuya cəlb olunan ailələrin seçilməsində Qaçqınkom və onun Mingəçevirdəki Mənzil Kommunal İstismar sahəsinin mütəxəssisləri, o cümlədən keçmiş köçkün rayonların Laçın, Şuşa və Ağdam icra nümayəndələri yaxından kömək ediblər: “Əlimizdəki siyahıya əsasən, 60 ailənin 22 üzvü qayıdışa qədər peşə öyrənmək istəyir. Bu dəfə tezliklə Qarabağa köçəcək insanları, növbəti illərdə isə digər şəxsləri təlimlərimizə cəlb edəcəyik”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.