Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sona Ağayeva: “Evdən çıxın, nəyi bacarırsınızsa edin”

6 qat Azərbaycan və bu il Avropa çempionu adını qazanan Sona xanım ancaq özünə güvənir

Ağayeva Sona İsmayıl qızı 1993 cü il iyul ayının 14-də  Sabirabad rayonun Əliləmbəyli kəndində anadan olub. Kənd həyatı ona bir çox çətinliklər yaşatdırıb. Sağlam doğulmasına baxmayaraq, həkimlərin səhvi nəticəsində serebral iflic xəstəliyinə məhkum olub və 4-cü sinifdən ev “dustağına” çevrilib. Sona deyir ki, uşaqların toplu halda məktəbə getdiyini görəndə çox üzülürdü: “Kaş onların sırasında mən də olaydım, məktəbə gedə biləydim”.

Sonanın həyatı Bakıya gələndən sonra tamamilə dəyişib. Təsadüf nəticəsində 1 saylı Gənclərin Peşə və Reabilitasiya Mərkəzinə gəlib və burada xalçaçılıq peşəsinə yiyələnib. 2016-ci ildə isə adı çəkilən mərkəzdə İlham Məhərrəmovun dəvətilə boccia idman növü ilə la məşğul olmağa qərar verib. Və ilk yarışda qalib olub.: “6 ildi bu idmanla məşğulam. İlk qələbəm mənə çox böyük həyat motivasiyası oldu”. Bu motivasiya onun 6 qat Azərbaycan və nəhayət Avropa çempionu adı qazanmasına imkan verib. Sona 2022 ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Intercontinental Challenger” çempionatında 6- 4 hesabı ilə portuqaliyalı rəqibinə qalib gələrək, qızıl medal qazanıb.

Sona Ağayeva Azəbaycanın Milli Qəhrəmanı Fərhad Ağayevin əmisi qızıdır. O da qəhrəmanımız kimi Azərbaycan bayrağı altında mübarizə aparır. Sona bütün fiziki məhdudiyyətli şəxslərə üzünü tutaraq deyir ki, evdən çıxın, özünüz üçün yaşayın, nəyi bacarırsınızsa edin, heç kimdən heç nə gözləməyin: “Həyatda heç nə əngəl deyil. Yetər ki, sən qarşına məqsəd qoyasan. Bəzi sağlam şəxslərin edə bilmədiklərini mən edə bilmişəm, ona görə özümü güclü hesab edə bilərəm. Həm idmanda nəticələrim var, həm də bu işləməyən əllərimlə 3 xalça toxumuşam”.

Gələcək arzularından danışan Sona istəyir ki, öz evi də olsun:  “Həmin evi pay istəmirəm, öz zəhmətimlə almaq niyyətindəyəm. Hər kəsə sübut etmək istəyirəm ki, heç kimə möhtac deyiləm, və həyatda heç nə əngəl deyil.”

Şərhlər bağlıdır.