Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əsgərə məktub.

Salam əsgər! Bu məktubu sənə Mingəçevir şəhərindən yazıram, balaca şəhərdir, amma başqa şəhərlər kimi o da səs-küylüdür. Yaşayış binalarının hər tərəfini əhatə edən yollarda aramsız şütüyən avtomobillər, məhəllələrdə çığırışan uşaqlar. Son vaxtlar bu səs-küy daha da artıb və bu səslərə, tez-tez səslənən qələbə xəbərlərinə  sevinənlərin və uşaqların -“Qarabağ Azərbaycandır!” şüarları da qarışıb. Lakin bu səs-küydə sənə məktub yazmaq mənə çətin gəldi, çünki bu anlarda sənin nə hiss etdiklərini, nələr yaşadıqlarını mən də duymaq istədim. Ona görə də bu səs-küydən bir qədər uzaqlaşmaq istədim və şəhərin kənarına gəldim, Kürün sakit sularının sahilinə. Və burda səni mənə anladan o səsləri eşidirəm, top mərmilərinin səsini. Üstündə dayandığım bu torpağın o biri ucunda, həm də çox da uzaqda olmayan tərəfində, müharibə gedir-Vətən müharibəsi. Mərmi  gurultularını dinləyirəm və içimdən bütün varlığımı bürüyən, məni həyəcana qərq edən bir istək keçir: “Orda olmaq istəyirəm, məhz orda, sizlərin yanında. Mərmi daşımaq, yaralı olanların yarasını sarımaq, su içməyə belə vaxtı olmayanlara su vermək, toz-dumana qarışmış meydanda hər birinizə kömək etmək istəyirəm. Anlayıram ki, orda hər şey bamabaşqadır, ölümlə həyat göz-gözə, nəfəs-nəfəsədir, orda həyat daha dəyərlidir.Ətrafına mərmilər düşəndə özünü atıb qucaqladığın torpağın ətri də başqadır, itirdiyin yoldaşlarının qəlbində hiss etdiyin ağrı-acısı da, toz basmış sifətində cığır açan göz yaşlarının dadı da başqadır. Orda həyat daha canlıdır, daha şərəflidir, bütün duyğularınla, hisslərinlə yaşayırsan. Qəzəbinlə, kininlə, nifrətinlə, həm də, şəfqətin, mərhəmətin, xoşbəxtliyinlə yaşayırsan. Orda həyat ölümlə diz-dizə, göz-gözə, nəfəs-nəfəsədir, amma ölmək istəmirsən, ona görə yox ki, ölümdən qorxursan, əsla. Ona görə ki, bu əzabların, bu dəhşətin sonunu, o möhtəşəm qələbəni görmək istəyirsən. Sən, o an üçün yaşamaq istəyirsən, bütün çətinliklərin, bütün dözümün, bütün cəsarətin də, dəyanətin də o an üçündür, o möhtəşəm qələbə anı üçün. Günlərlə yuxusuz qalan gözlərinin ağrı-acısını dindirəcək, susuzluqdan cadar-cadar olan dodaqlarının səsləndirəcəyi ən gözəl kəlmə -“Qələbə” üçün yaşamaq istəyirsən. Səninlə birlikdə həmin gün üçün vuruşan əsgər yoldaşlarına sarılıb, -Biz qalib gəldik!-deyə, sevinc hayqırışları etmək üçün  yaşamaq istəyirsən. Çünki sən buna layiqsən, Azərbaycan əsgəri! 200 ildir davam edən bu qədər haqsızlığa, ədalətsizliyə sən son qoymalısan, çünki sən buna qadirsən!

Ordakı həyatı kənardan da olsa hiss etmək, duymaq, anlamağa çalışmaq, xəyalən də olsa sizlərlə bir yerdə olmaq da çox gözəldir. Bir gün çox şey unudulacaq, döyüşlərdə aldığın yaralar da, mərmilərin gurultuları, üstünə ələdiyi toz-torpağın günlərlə ağzında hiss etdiyin dadı da, acısı gözlərini yandıran barıtın qoxusu da, amma o möhtəşəm qələbənin nə dadı, nə də qoxusu heç zaman yadınızdan çıxmayacaq. Bunun necə bir nemət olduğunu ən az sizin qədər  mən də hiss edəcəm, eyni zamanda 1992-1994-cü illərdə vuruşan Qarabağ qazilərimiz də hiss edəcək. 2000-ci ildə Qarabağ qazilərimizin bir çoxu ilə söhbətlər edirdim, o günləri yada salırdıq, xatirələrini paylaşırdılar, mən də yazırdım. Onlar bir çox şeyi unutmuşdular, döyüşləri, bəzi tarixləri, aldıqları yaraları, hətta döyüş yoldaşlarının da əksəriyyətini, baxmayaraq ki, çox zaman keçməmişdi o dəhşətli döyüşlərdən, amma unutmadıqları və onları hər gün, hər an  ürəkdən yaralayan bir şeyi unuda bilmirdilər: məğlubiyyətin acısını… Hiss edirdim ki, bu acı onların bütün həyatına hopub, onlara dinclik vermir.

Bu gün cəbhədə olan bütün əsgərlərimizə, Ali Baş komandana, bütün zabit və komandir heyətimizə o möhtəşəm qələbəni, onun unudulmaz sevincini, unudulmaz dadını və qoxusunu arzu edirəm! Eyni zamanda, Qarabağ qazilərimizə və bütün xalqımıza arzu edirəm!

Yaşa, Azərbaycan əsgəri, o günü hər birimizə yaşat!

Var olsun Azərbaycan xalqı, var olsun birliyimiz, Qarabağ Azərbaycandır!

Mehparə Rəhimqızı  25.10.2020    Mingəçevir şəhəri.

 

Şərhlər bağlıdır.