“Seçki hamımızın həyatından keçir”
İyunun 30-da QHT Forumunun Mingəçevir resurs mərkəzində İctimai Problemlərin Tədqiqi Assosiasiyası (İPTA) “Milli Məclisə seçkilərin demokratik və şəffaflığına dəstək üçün regionlarda maarifçilik işlərinin həyata keçirilməsi” layihəsini gerçəkləşdirib. Təşkilatın rəhbəri Məhərrəm Zülfüqarlı Milli Məclisə seçkilər zamanı milli qanunvericiliyin tələblərindən və beynəlxalq təcrübədən danışıb.
Mingəçevir İH-nin nümayəndəsi Sahib Əliyev, tarixçi Əmrah Mədətov, “Ekotes” İB-nin sədri Çingiz Nəzərov , əmək veteranı Tahir Məmmədov və başqaları mövzu ətrafında fikirlərinin bölüşüblər. Çıxışlarda qeyd olunub ki, Milli Məclisə təsadüfü şəxslərin deputat seçildiyi, bir çoxlarının qanunların qəbulunda fəaliyyətsizliyi və seçicilərinin etimadını doğrultmadığı, bəzi millət vəkillərinin qanunları özlərinə sərf edən formada qəbul etmələri, ölkədə seçki fəallığının aşağı olması narahatlıq doğurur. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev vurğulayıb ki, seçki hamımızın həyatından keçir, ona görə də bu prosesə laqeyd qalmaq olmaz: “Bəzi ölkələrdə seçkiyə gəlməyənlərə müəyyən cəzalar tətbiq edilir. Düşünürəm ki, bizdə də belə addımın atılmasına ehtiyac var”.
Layihə çərçivəsində tədbir iştirakçıları arasında Milli Məclisə seçkilərin demokratik və şəffaflığına dəstək üçün regionlarda maarifçilik işlərinin həyata keçirilməsi ilə bağlı sorğu da aparılıb.
Şərhlər bağlıdır.