Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Samrin Xanlayev: “Vətənimizin dilbər guşəsi olan Qarabağımızın çiçəklənməsi naminə əlimizdən gələni əsirgəməyəcəyik!”

Gəncə şəhərinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin IX Forumunun növbəti Zona Toplantısı keçirilib. “Biz Birlikdə Güclüyük” şüarı ilə keçirilən toplantının rəsmi hissəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirak edib.

300 nəfərdən çox gəncin iştirakı ilə keçirilən toplantıda “Böyük Qayıdış”da gənclərin vəzifələri: azad edilmiş ərazilərin məskunlaşdırılması, yenidən qurulması və inkişafı” mövzusunda çıxış edən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin Layihələr üzrə koordinatoru Samrin Xanlayev toplantı iştirakçılarını böyük qələbə münasibətilə təbrik edib, “Zəfər Paradı”nın Silahlı Qüvvələrin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevin uğurlu və əzmkar mübarizəsinin, Rəşadətli Ordumuzun qüdrətinin bariz nümunəsi olduğunu bildirib. Ancaq bu zəfərlə işimizi yekunlaşdırmadığımızı qeyd edən Samrin bəy  hazırki mərhələdə gənclərin üzərinə böyük məsuliyyət və ciddi işlər düşdüyünü vurğulayıb. Doğma torpaqlarımızın  canlandırılması işində gəncləri aktiv olmağa səsləyən koordinator həmin ərazilərdə həyatın bərpa olunması, köçürmə işlərinin həyata keçirilməsi, köçürülmüş və orada yenidən yaşamağa başlayan insanlarla işlərin aparılması, Qarabağ gənclərinin problemlərinin monitorinqi və aradan qaldırılması istiqamətində təşəbbüslərlə çıxış etməyin bu mübarizənin sadəcə bir hissəsi olduğunu vurğulayıb. Bununla yanaşı, Qarabağ gənclərinin asudə vaxtlarının ictimai yönümdə, maarifləndirmə istiqamətində təşkil olunması, onların həyatının daha maraqlı və rəngarəng keçirilməsinə dəstək olmaq məqsədilə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının təmsil olunduğu xüsusi Məşvərət Şurası yaradılmasını təklif edən Samrin Xanlayev  “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi olaraq bu təşəbbüslərin reallaşdırılması işində yaxından iştirak edəcəklərinə söz verib.

Koordinator çıxışını “Necə ki, biz birlikdə tarixi Qələbəni qazandıq, eləcə də “Biz Birlikdə Güclüyük” şüarı altında Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək erməni işğalından azad olunmuş torpaqlarımıza yeni nəfəs verəcək, Vətənimizin dilbər guşəsi olan Qarabağımızın çiçəklənməsi naminə əlimizdən gələni əsirgəməyəcəyik!” sözləri ilə tamamlayıb.

 

Şərhlər bağlıdır.