Yaşamaq üçün, bu dünyaya gəlmək kifayət edir. Lakin bu dünyaya gələndən sonra, bizimlə bərabər həm də çətinliklər də yaranır. İlk ünsiyyətimiz evdəkilərlə başlayır, danışmağı öyrənirik, daha doğrusu evdəkilər nə danışırsa, necə danışırsa, biz də elə danışmağa çalışırıq, daha doğrusu onları yamsılayırıq. Təbii ki, hamı belə edir, beləcə dilimizi öyrənirik və doğrudanmı bu qayda ilə dilimizi yaxşı bilirik, ya da sual belə olsun,-doğrudanmı biz danışmağı bacarırıq? Əslində hər kəs, necə istəyir, elə danışır, bəziləri kiməsə xoş gəlmək üçün, bəziləri kimisə aldatmaq üçün, bəzisi hirsini çıxarmaq, bəziləri öz istəklərini çatdırmaq üçün, daha başqa səbəblərlə də danışmağa çalışırıq. Məgər, bu danışmaqdır? Şagirdlərimin çoxu sinfə girəndən çıxana qədər danışırlar, yox, elə bilməyin dərs danışırlar, dərs danışa bilmirlər, eləcə, ancaq danışırlar: bir-birini acılayırlar, ya da qəhmər çıxırlar, nədən olsa danışırlar, kobud, qaba sözlər havada uçuşacaq, söz altda qətiyyən qalmazlar, sataşmaq, cavab vermək, daha nələr…xatırladıqca əhvalım korlanır. Onları sakitləşdirmək, diqqətlərini dərsə yönəltmək xeyli vaxt alır. Bu qədər vaxt itgisi, bütün tənəffüsləri oyunlarla vaxtını keçirəndən sonra, uşaqlara heç olmazsa bir az da elm öyrənmək, mədəni olmaq, ədəbli davranmaq, yaxşı danışmaq vərdişləri aşılamağa çalışmaq cəhdlərində bulunuram. Bir riyazi tərifi, ya bir qaydanı öyrənməkləri üçün şərait yaratmağa çlışıram, inanın ki, bir tərifi öyrənmək nədir, anlamaqları belə, 10-15 dəqiqə çəkir. İllər keçsə də, uşaqların çoxu məktəbə necə gəlirsə, eləcə də məktəbdən evə gedirlər. Nə mədəniyyət, nə ədəb-ərkan, nə məntiqli, düzgün danışmaq, nə də başqalarına qarşı hörmətlə davranmağı bacarmırlar. Deməli, danışmaq, hələ danışmağı bacarmaq demək deyildir! İndi isə gəlin, mədəni, səmimi, məntiqli, savadlı danışa bilməməyin fəsadlarına baxaq. Tutaq ki, hər hansı bir probleminiz vardır və bu problemi həll etməkdə məsul olan insanın yanına getməlisiniz. Əgər, doğrudan da, probleminizin nə olduğunu, necə həll olunduğunu və həmin problemi həll edəcək insanla necə danışacağınızı bilirsinizsə, həmin adamı inandıra biləcəksinizsə, gedəcəksiniz və probleminizi də həll edəcəksiniz. Yox, əgər bunu bacarmırsınızsa, o zaman başqa yollar axtaracaqsınız, rüşvət, tanış və sair. Deyəcəksiniz ki, bu nə deməkdir, problemimi lazım olan məmura deyirəmsə, o da həll etməlidir də, vəzifəsi budur… İnciməyin, amma bu, çarəsizliyin, bacarıqsızlığın, bəhanənin tam özüdür. Bəs necə davranmalı?
Ailədəki problemlərin məktəbdə və cəmiyyətdə əks olunması.
Tutaq ki, bir İcra hakimiyyəti başçısına, ya bələdiyyə sədrinə, ya da digər məmura işinizdən ötrü müraciət etməlisiniz. Gedirsiniz qəbula, təbii ki, bunu ancaq qəbul günlərində etmək lazımdır, digər günlər gedib qapının ağzında saatlarla vaxt itirməyə gərək yoxdur. Sonra da deyirlər ki, getdim qəbula, saatlarla gözlədim, məni qəbul etmədilər. Girirsiniz içəri, məmur kreslosunda əyləşib. Siz də çəkinə-çəkinə salam verib qapının ağzında dayanırsınız. Sizin cəsarətsizliyiniz, məzlumluğunuz onu ya hövsələdən çıxarır, ya da ona zövq verir. Dərdinizi deyirsiniz, o isə bu işlə məşğul olacaqlarına söz verir və siz çıxıb gedirsiniz. Probleminiz də uzun-uzun yollar keçir, ya həll olunur, ya da eləcə qalır. Ya da, bəziləri, guya cəsarətlidirlər, haqlıdırlar, içəri girib bir az da irəli gedirlər, qaş-qabaqlı, ciddi obrazda, sanki qarşısındakını günahlandırır kimi, danışmağa başlayır. Məmurlar isə belə müraciətə, adətən, müxalifət obrazı kimi baxırlar və belə şikayətlər çox zaman nəticəsiz qalır. Belə halda isə şikayətlər başlayır, sosial şəbəkələrdə giley-güzar, günahlandırmalar, bəzən təhqirlər yağır. Dil pəhləvanları sosial şəbəkələrdə əsl cəsarət “nümunəsinə” çevrilirlər. Bütün bunlar nədən irəli gəlir? Yəqin ki, məmuru o yerə layiq bilmirlər, ona görə də onunla danışmağı özlərinə sığışdırmırlar, şikayətlər də sadəcə, havaya sovrulur. Belə zamanlarda, dərs boyu susmaq bilməyən, özlərini hamıdan ağıllı bilənlər, müəllimin -sakit ol!-sözünə qulaq asmağı özünə sığışdırmayanlar yadıma düşür. Demək olar ki, mənalı, məntiqli bir cümlə belə, qura bilmirlər. Müəllimə qulaq asmamağı özlərinə fəxr bilər, yekəxana davranarlar…Belələri, sonunda özləri kimi ya yalançı müxalifət, ya da qapı ağzında büzüşən obrazlar yaradırlar. Belə obrazlarla isə nəinki yaxşı, heç normal cəmiyyət də qurmaq olmaz!
Sinifdə və cəmiyyətdə iki obraz…
Hələ ki, bizim cəmiyyətimizdə yalnız bu iki obraz çoxluq təşkil edir: Savadsız, danışmaq qabiliyyəti belə olmayan, aciz, çarəsiz, dilsiz-ağızsız, idarə qapılarında büzüşən obrazlar, ya da, özlərini hamıdan ağıllı hesab edən, məmurlara düşmən kimi baxan yekəxana, müxalifət obrazları. Ağıllı, mədəni, savadlı olub insanlarla ünsiyyət qurmağı, danışmağı bacaran insanlarımız da vardır, lakin onlar dənizdə damla kimidirlər. Belə insanlarda danışmaq qabiliyyəti olsa da, onlar cəmiyyət tərəfindən, yəni bayaqkı iki zümrə tərəfindən asanlıqal qəbul edilmirlər, çünki acizlər onları tanımır, yekəxanalar isə onları görməzdən gəlirlər. Mən isə belə insanlardan danışacam, danışacam ki, onlar kimi olmaq lazımdır, hətta vacibdir, çünki ağıllı, mədəni, bilikli, ünsiyyət qurmağı bacaran və ən əsası qarşısındakına dəyər verən, onu bacarıqlı görən insan olmaq daha yaxşıdır. Belə insanlar çox olarsa, o zaman cəmiyyət də tədricən inkişaf edir, insanlar arasında normal ünsiyyət yaranır, hamı işini yaxşı görməyə, bacarıqlı olduqlarını nümayiş etdirməyə çalışırlar.
Sən kimsən, mədəni insan?
Bəli, işimdən ötrü getmişəm məmur qəbuluna. İçəri girirəm, salam verirəm və soruşuram,-“Necəsiniz”? Çox səmimi, gülümsər və inamlı obrazda. Sonra deyirəm:- “Mən filankəsəm, filan yerdə işləyirəm, (yaxud heç işləməsəniz belə), filan problemim vardır, düşündüm ki, bu problemin həllində siz mənə kömək edə bilərsiniz”. Sizin səmimiyyətiniz, özünüzə inamınız ona da sirayət edir, yəni təsir edir, istər-istəməz sizə kömək etmək marağı yaranır, ona qarşı etimadınız isə ona, öz imkanlarını xatırladır. Siz ona dəyər verirsiniz və o, bunu hiss edir. Biz hamımız insanıq və bizim hamımızda bütün hisslər mövcuddur( bunun üçün Tanrıya minnətdaram) və bizim həyatımız, fəaliyyətimiz məhz bu hisslərə əsaslananda daha maraqlı, əhəmiyyətli və gözəl olur. Gəlin, bir-birimizə dəyər verək: ailədə, məktəbdə, idarələrdə, küçədə, nəqliyyatda, hətta sosial şəbəkələrdə, çünki biz hisslərimizlə dəyərliyik və dəyər verdiyimizi bir-birimizə hiss etdirək. Mən həyatımı, məhz, belə yaşamışam və buna inanmışam.
Mehparə Rəhimqızı.
Şərhlər bağlıdır.