Səyyar görüşdə qaldırılan problemlərə başçı necə reaksiya verdi?
Novruz bayramı ərəfəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin “Tərəvəzçilik sovxozu” adlanan yaşayış massivinin bir qrup sakini ilə səyyar görüş keçirib. Görüş ərazidəki 5 nömrəli orta məktəbin idman zalında baş tutub. Sakinlər onları narahat edən məsələlər barədə şəhər rəhbərinə məlumat veriblər. Onlar əsasən torpaq sahələri və fərdi evlərin sənədləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşmələrindən, qonşular arasında torpaq mübahisələrindən, sovxoz ərazisi ilə DRES qəsəbəsini birləşdirən yolun təmirə ehtiyacının olmasından və becərdikləri kənd təsərrüfatı məhsullarının satışı üçün əlavə köməklik göstərilməsinə ehtiyac duymalarından söz açıb, tibb məntəqəsinin və uşaq bağçasının tikilməsi, su xətlərinin çəkilməsi, kanalizasiya xətlərinin yenidən qurulması, bankomatların quraşdırılması və digər məsələlərlə əlaqədar təkliflərini bildiriblər.
Vətəndaşların müraciətini dinləyən Niyazi Bayramov problemlərin həlli məqsədilə yerindəcə müvafiq qərarlar qəbul edib. O, torpaqların sənədləşdirilməsi məsələlərində bələdiyyə sədrinə tövsiyyələrini, İH aparatı əməkdaşlarına tapşırıqlarını verib. Yaxın vaxtlarda avtomobil yolunun təmir olunacağını, sakinlərin kənd təsərrüfatı məhsullarını becərmələri və satışının təşkilinə lazımi dəstək göstəriləcəyini də bildirib.
İcra Hakimiyyətinin başçısı bayram ərəfəsində kənd sakinlərinin borcdan kəsilmiş qaz xətlərinin bərpasından narahat olduğunu da açıqlayıb: “Burada yaşanlar zəhmətkeş insanlardır. Ona görə də camaatı qazsız qoymaq olmaz”.
Sakinlər onların həyat və yaşayış tərzi ilə yaxından tanış olan və problemlərinin həllinə dəstək gösrətən İH başçısının diqqətindən məmnun qaldıqlarını deyiblər. Səyyar görüşdə İHB-nın müavinləri, idarə və müəssisə rəhbərləri də iştirak ediblər.
Şərhlər bağlıdır.