Sərhəd kəndlərinin təhlükəsiz yaşayışı üçün
Noyabrın 24-də Humanitar Tədqiqatlar İctimai Birliyinin 6 ay ərzində icra etdiyi “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı” adlı layihəsi çərçivəsində yekun dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən bu layihənin Qazax və Tovuz rayonunun sərhəd kəndlərində icmaların inkişaf etdirilməsində əhəmiyyətli olduğunu qeyd edən Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov layihə barəsində ətraflı məlumat verib. Qeyd edib ki, layihə kənd sakinlərinin təhlükəsiz yaşayışı üçün imkanlarının təhlil olunması və ümumi nəticələrin çıxarılmasında mühüm rola malik olub.
Dəyirmi masada vurğulanıb ki, Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində sərhəd kəndlərində əhalinin sağlamlığına, mülkiyyətinə, o cümlədən mal-qarasına dəyən zərərin ölçülməsi üçün dövlət orqanları yerli icra strukturları ilə birgə dəyərləndirmə aparırlar. Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi vasitəsilə həmin kəndlərdə atəşkəs nəticəsində zədə almış evlərin bərpa olunması üçün tikinti materialları ayrılır və evlərin bərpası üçün dövlət müəyyən tədbirlər görür. Eyni zamanda müntəzəm olaraq atəşkəsə məruz qalan kəndlərdə ictimai binalar, məktəb və yaxud uşaq bağçalarının ətrafında qoruyucu divarların çəkilməsi davam edir. Bütün bunlarla yanaşı, kənd sakinlərinin atəşkəsin pozulduğu zaman təhlükələrdən necə qorunmaları üçün biliyinin artırılmasına ciddi ehtiyacın olduğu tədbir iştirakçıları tərəfindən qeyd olunub.
Layihənin yekunlarına uyğun olaraq, Qazax və Tovuzun sərhəd kəndlərindən olan insanlar üçün icma inkişafını dəyərləndirən təlimlər keçirilib. Onların öz problemlərini müəyyən etmələri üçün yerli və respublika əhəmiyyətli resurslara müraciət etmələrinə imkan verən məsləhətlər verilib.
Sərhəddə insanların təhlükəsiz olaraq yaşaya bilmələri üçün məsləhətləri özündə əks etdirən buklet tədbir iştirakçılarına təqdim olunub. HTİB sədri Əvəz Həsənov kənd sakinlərinin minalanmış ərazilərdən, düşmən tərəfinin təxribatı nəticəsində törədilən yanğından və snayperin hədəfindən qorunmaları ilə bağlı məlumatları əks etdirən bukletin sərhəd kəndlərində paylandığını nəzərə çatdırıb.
Tədbirdə kənd sakinlərinin sosial problemlərinin həll olunması üçün dövlətin güzəştli proqramlarının qəbul olunmasının vacibliyi qabardılıb, bəzi kəndlərdə güzəştli kommunal xərclərin ödənilməsi təcrübəsinin olduğu vurğulanıb. Bildirilib ki, sərhəd kəndlərində icməli suya ciddi ehtiyac vardır, onun aradan qaldırılması üçün nəzərdə tutlan dövlət proqramlarını genişləndirmək lazımdır. Sərhəd kəndlərində meyvə-tərəvəz məhsullarının becərilməsinin stimullaşdırılması, mal-qara və quşçuluq mini fermalarının açılması üçün subsidiyaların verilməsinə ciddi ehtiyac vardır.
Tədbirin sonunda qeyd olunub ki, HTİB bütün bu təklifləri sistemləşdirərək hökumətə təklif hazırlamaqla, icmaların inkişafına yardım proqramlarının qəbul olunmasına imkan yarada bilər.
Şərhlər bağlıdır.