Salam əsgər! Sən məni tanımasan da mən səni ən əziz, ən doğma adamım kimi tanıyıram. Tozun-torpağın içində, mərmi yağışlarının altında dayanmadan irəlilədiyini görürəm. Bizim otuz il əvvəl buraxdığımız səhvləri aradan qaldırmaq, Azərbaycana diplomatiya dərsi keçənlərə yeni Azərbaycan tarixini öyrətmək sənin öhdənə düşüb.
Nə gizlədim, 90-cı illərdə mənfur düşmənlərimizlə savaşda biz döyüşü uduzduq. Onlara çoxlu kömək gəlirdi, bizim ölkədə isə hakimiyyət davası gedirdi. Nizamlı ordumuz yox idi. Əliyalın, silahsız insanlarımız bu günkü kimi kənardan silah-sursat, canlı qüvvə ilə təchiz edilən xain qonşularımızla üz-üzə dayanmışdı. Beləcə ərazimizin 20 faizi itirildi, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün taleyini yaşamaq zorunda qaldı.
Amma bu gün sənin zəfərlərin dünyanın nizamını dəyişib. Cocuq Mərcanlıdan başlanan qayıdış bizi 27 ildən sonra yenidən Qarabağa qaytarır. Hər gün neçə-neçə yaşayış məntəqələrimizdə-şəhər, kənd və rayonlarımızda yenidən Azərbaycan bayrağının dalğalandığının şahidi oluruq. Əslində sən komandirlərinin əmrini yerinə yetirərək, hər qarış torpağımızı düşmən tapdağından azad etmək üçün canını, qanını verirsən, ölkəmə sevinc gətirən müjdəli xəbərlər yaradırsan. Mən 60 illik həyatımın 40 ilini xəbər yazmağa həsr etsəm də, sənin xəbərlərin qədər xalqıma gərək olanlarını hələ yaza bilməmişəm. Sənin nəslin indi əvvəlki nəsillərə həyat dərsini öyrədir.
Mən səndən çox uzaqda deyiləm. Çünki yaşadığım şəhər cəbhə bölgəsinə yaxındır. Və hər gün top mərmilərinin, raketlərin gurultusunu eşidirəm. Hətta düşmən mənim şəhərimi də raket atəşinə tutur, dinc sakinləri vahiməyə salmaq istəyir. Amma mən və bu şəhərin başqa insanları çox rahatdırlar, əvvəlki kimi iş başındadırlar, sadə həyatlarını yaşayırlar. Çünki biz sənə güvənirik. Bilirik ki, sənin kimi əsgərlər bizi göz bəbəkləri kimi qoruyurlar. Bilirik ki, böyük güclərin qarşısında xalqımızın gücünü göstərən İlham Əliyev kimi Ali Baş Komandanımız, cəsur zabitlərimiz var.
Mən sənin Laçından, Kəlbəcərdən, Şuşadan, Xankəndindən də bu yaxınlarda “QƏLƏBƏ” xəbərini gətirəcəyini bilirəm. Sənin gücünlə Qarabağın hər qarışı yenidən Azərbaycan olacaq, dünya birliyinin göz yumduğu haqq və ədalət bərqərar olacaq.
Ehtiyatlı ol, Azərbaycan əsgəri! Yoldaşlarına da de ki, cəbhə bölgəsindən foto və videolarını paylaşmasın (Sevincli günlərimizi paylaşmağa o qədər vaxtımız, imkanımız olacaq ki….) Çünki indiki paylaşmalar düşmənə sizin yerinizi bilmək imkanı yaradır. Allah səni, bütün əsgər və zabitlərimizi qorusun, xalqımızı var eləsin. Düşmənə sarsıdıcı zərbələr vuran qolun var olsun! Tezliklə Qarabağı əsl sahiblərinə qaytar! Qarabağ Azərbaycandır!
Şərhlər bağlıdır.