Şəkərli diabetdən əziyyət çəkənlərə xoş xəbər
Hələ 10 il əvvəl şəkərli diabet nisbətən nadir hallarda təsadüf edilən xəstəlik olsa da hazırda onu haqlı olaraq əsrin epidemiyası adlandırırlar. Çünki bu xəstəliyin yayılması miqyası ilbəil genişlənir. Şəkərli diabet hər il külli miqdarda insanın ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərdən biridir. Rəsmi statistikaya görə hazırda Azərbaycanda təqribən 170 min şəkərli diabet xəstəsi var. Lakin bu, yalnız dispanser qeydiyyatında olan xəstələrin sayıdır.
Bu barədə Mingəçevir şəhərində Ümumsağlamlıq və Endokrinologiya Mərkəzinin açılış mərasimində danışılıb. Mərasimdə Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə mərkəzin fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, insanlara endokrinlogiya və diabetalogiya üzrə tibbi kömək göstərən bu mərkəz ancaq Bakıda və Mingəçevirdə fəaliyyət göstərir: “Müasir avadanlıqlarla təhciz edilmiş mərkəzdə şəkərli diabetdən, boy problemindən əziyyət çəkənlərə yardım olunacaq. Burada kardioloji və labarator bölmələr də mövcuddur. Mərkəzimizdə yaratdığımız tədris otağında xəstələrə təmənnasız maarifləndirici məlumatlar da veriləcək”.
Açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev iştirak edib.
Şərhlər bağlıdır.